Əvvəlki səhifəyə qayıtmaq üçün 
                            
                                           

 

 Aləmdə səsi və sözü qalacaq

 Millətimizin mental daşıyıcılarından biri dünyasını dəyişdi

 Əzizə Cəfərzadə mənim və mənim kimi minlərin, on minlərin sevdiyi, əsərlərini əzizlədiyi dəyərli bir yazar, insan idi. İtirdik onu... Son iki həftədə ədəbiyyatımızın iki xanım Əzizəsini (onlar həyatda da rəfiqə idilər) aparmaqla, Tanrı görəsən, bizə nəyi sübut etmək istəyir? Əgər Tanrı qəsd etmək fikrinə düşübsə, deməli, Azərbaycan ədəbiyyatı qarşısında günahımızı çox böyük bilib...

 Əzizə Cəfərzadə 20-ci əsrin yazıçısıdır. Ömünün 80 ilini 20-ci əsrdə yaşadı, yalnız iki ili 21-ci əsrin payına düşdü. Bu da dolayısıyla Əzizə xanımın tədqiqatlarının gələcək əsrlərdə də öyrəniləcəyinə, oxunacağına zəmanət deməkdir. Əzizə Cəfərzadə bizlərə 36-dan artıq kitab qoyub getdi.

 Onu belə də təqdim etmək olar: filologiya üzrə Azərbaycanda ilk qadın professor. Bir də folklorumuzun və ədəbiyyat tariximizin bilicisi kimi. Amma biz daha çox yazıçı və nurlu xanım kimi dəyərləndiririk Əzizə xanımı.

 ... Əzizə xanım sağlığında qiymətini alan yazarlardandır. Bu ilk dəfə “Aləmdə səsim var mənim” i yazıb,əaləmə səs salandan sonra baş verdi. Özü demişdi mənə: “70-ci illərə qədər də əsərlərim nəşr olunub. Amma əsil oxucu rəğbətini “Aləmdə səsim var mənim” kitabı ilə qazanmışam. Oxucularımın sevgisi, marağı həmişə dayağım olub”...

 Və beləcə oxucu rəğbətini qazanan Əzizə xanım daha böyük həvəslə yazıb, yaratmağa başladı. Ta ki ömrünün sonuna qədər. Soruşdum Əzizə xanımdan: “Uzun illərdi yazırsınız. Ürəyinizə yazmaq həvəsindən batan tikanları çıxara bilmisinizmi?” Gözlədiyim cavabı aldım: “Baxmayaraq ki, 15 yaşımdan yazıram, amma dediyiniz o tikanların hamısını çıxara bilməmişəm. Mən hələ tükənməmişəm. Füzulinin dövrünü işləməkdə israrlıyam. Yazdıqca yazmaq istəyirəm.əİstəyirəm özümlə o dünyaya heç nə aparmayım”.əMən indi bilmirəm, Əzizə xanım Füzuli barədə yazmaq istədiyi əsərə başladı, ya yox. Amma onun tarixi romanları yetərincədir: “Bakı- 1501”, “Hun dağı”, “Cəlaliyyə”, “Bəla”, “Tahirə Zərintac”, “Yad et məni”, “Vətənə qayıt” və s. və i.a. Bu əsərlərdən vətəni sevməyi öyrənmişik, tariximizə varmışıq, qəhrəmanlarına bənzəmək istəmişik. Bir sözlə, bizi müsbət emosiyalarla yükləyib o əsərlər...

 Heç zaman qeyri-adi insan sayılmayıb. Bütün sadə insanlar kimi o da adi həyat tərzi keçirib. Sadə ziyalı, sadə insan, sadə pedaqoq olub. Olanı ilə kifayətlənib, vicdanla işləyən, qazandığını zəhmət bahasına qazanan insan... Bu sadə insanın qazandıqları da az olmayıb: professor, nasir,əxalq yazıçısı, fəxri təqaüdçü və s. Ədəbiyyatımıza milli kolorit gətirib. Bir də ki,əqəribə bir vətən təəssübü, vətən sevgisi duyub və auditoriyasına aşılamağı bacarıb. Yaza-yaza içindən bir vətən harayı keçirib.

 Əzizə Cəfərzadəni “qələmi qınında saxlayan” yazıçılardan saymaq olmaz.ə70 ilə yaxın zəngin yaradıcılıq yolu keçib. Yeri gələndə jurnalistik də edib. Amma heç zaman yaşadığı dövrün dəbi ilə ayaqlaşaraq, nə özü ilə, nə də ağ kağızı ilə qeyri-səmimi olmayıb. Əzizə xanımın ilk kitabı yandırılıb. Bu olay 1948-ci ildə baş verib. Səməd Vurğunun təklifi ilə ilk kitabı çapa göndəriləndən sonra. Bu o vaxt idi ki, Moskvada Jdanovun dövlət qərarını əsas tutanlar sovet həqiqətlərini düzgün əks etdirmədiyinə görəəZoşşenkonu ifşa etmişdilər, Anna Axmatovanın “salon lirikası”nın tərənnümündə suçlayırdılar. Bu cür yazarlar Moskvada vardısa, deməli, onlardan respublikalarda da tapmaq olardı. Azərbaycanda belə hədəflərdən biri kimi Sabit Rəhman komediyalarında sovet həqiqətlərini düzgün əks etdirmədiyinə görə tənqid edildi. Əzizə xanımın isə çapa getməkdə olan kitabını “Axmatovşina” da “salon lirikasının” tərənnümündə suçladılar. Və beləcə, onun ilk kitabı “bələkdəcə boğuldu”, daha doğrusu, yandırıldı. Qadağalar bununla bitmədi. Senzura onun “Vətənə qayıt” kitabında bütöv bir fəsli ixtisara salmışdı. Çünki Əzizə xanım 18-ci əsrdə Azərbaycanda baş verən ictimai-siyasi olayları qələmə almışdı...

 Bir dəfə Əzizə xanımdan soruşdum: “Niyə Tanrı sizin nitqinizə qibdə olunacaq qədər türk dilinin şirinliyini hopdurub?”. O, bunu Azərbaycan dilinin zənginliyi ilə əlaqələndirdi. Xatırlatdı ki, Azərbaycan dilindəki sıralanma, ahəng qanunu, dodaqlanma heç bir başqa dildə yoxdur. Dilimizdə olan diltərpənməz, dodaqdəyməz formaları da yalnız bizə məxsusdur. “Bu musiqili dilin sadəcə yiyəsi olmayıb, bu dil daim təqib olunub, əzilib”- dedi ədəbiyaytımızın Əzizə xanımı.ə

 “Əzizə” adının özündə bir əzizlənmə olsa da, hərdən onun qəlbinə də dəymişik. Yaradıcılığında Şirvan faktorunu qabartmışıq, “Bəla” əsərində sonra onu tükçülükdə, şovinizmdə suçlayanlar da tapıldı. Əzizə xanım gözəl vətəndaş idi. O bilirdi ki, Nitsşenin “Fövqəlbəşər, hər əsrdə özünü yeniləyər” dediyi millət - türk millətidir. Amma dünya əstəğfürullah, Allahdan daha çox şeytani qüvvəllər tərəfindən idarə olunur. Şeytani güc Avropada, Amerikada oturub. Bir tərəfdən madiyyatın gücü, o biri tərəfdə mənəviyyatın. Əzən çox vaxt əzilənin mənəviyyatı qarşısında təslim olmağa məcbur olur. Bu mənada millətlər və materiklər arasında sıxılıb qalan və körpü olan türk dünyası indiki halda özünün təbliğ və təsdiq çağlarını yaşayır. Və bu dünyanın yazarı bu prosesdə hər kəsdən öndə iştirak etməlidir: sözlə, inqilabi fikirləriylə. Bax, ona görə də yazmağa, daha çox yazıb anlatmağa çalışırdı Əzizə ana. İstəyirdi ki, türkçülüyün ayaqda qalması üçün bütün türk dünyası ayağa qalxsın. Bu yerdə Göy- türk abidələrində zamana ismarlanan bir fikri xatırlatmaq yerinə düşər: “Ey Türk, özünə qayıt. Millət, sən özünə qayıdanda yenilməz və qüdrətli olursan”...

 Ürəyində bir niskil apardı Əzizə xanım: “İranın kefinə dəyməsin. Amma bir möhtəşəm Azərbaycan görmək istəyirəm. Arzu edərdim ki, mənə qismət olmasa da, övladlarım millətimi bütöv görsün”.ə

 Söz sənətinin bayatısı, sinə dəftəri idi Əzizə xanım.əBu da gendən gəlməydi: “Anam ağız ədəbiyaytının nümunələrini, folkloru məhz öz südü ilə içirdib mənə” deyərdi o.əLap çoxdan, televiziyada onun dilində səslənən bir bayatı yaddaşımda bu günə qədər ilişib qalıb:

 Əzizim buda məni,

 Xəncər al buda məni.

 Gör nə günə qalmışam,

 Bəyənmir bu da məni.

 Mənim üçün Əzizə xanım folklorumuzun bütün sınaqlardan, döyüşlərdən qalib çıxmış əsgəridir. Bayatıları, ağları yazıya salan müdrik anadır. İpək kimi yumşaq, xanım-xatın Əzizə Cəfərzadə. Torpaqdan yaranan torpağa köçər, amma xoşbəxt o adamdır ki, onun köçdüyü başqa bir ünvan da ola. İnsanların qəlbi. Eşidirsinizmi, bu bayatını?

 Əzizim vətən yaxşı,

 Geyməyə kətan yaxşı.

 Gəzməyə qərib ölkə,

 Ölməyə vətən yaxşı.

 Vətən təəssübkeşi olmaq, sevilmək yazılıbmış alnına onun. Belə isə, ilahi, nə xoşbəxt ölümdür onun ölümü. Əzizə xanım, o dünyada Allahdan izin alıb, hərdən gəlin cəhənnəmə, yəni, yer üzünə, bizim yanımıza. O bayatılardan, ağılardan, bizə bir də oxuyun. Heç olmazsa,əsizin bayatılarınız, ağılarınız bizi az da olsa cəhənnəm əzabından qurtarar.

 Gəlimli-gedimli, son ucu ölümlü dünyadan siz getdiniz, biz qaldıq. Amma gedən cisminizdir, ruhunuz bizimlədir, Əzizə xanım.

  Allah rəhmət eləsin!

 «Ulus» qazeti