Əvvəlki səhifəyə qayıtmaq üçün      

                               

Yazıçı Əzizə Cəfərzadəni itirdik

 Tarixi romanların müəllifi Hacıqabul torpağına tapşırıldı

     Mütaliəsiz, qələm-vərəqsiz bir gününü keçirməzdi. Ona görə də istər ədəbiyyat tarixində, istərsə də dövri mətbuatda yer alan yazılara həmişə münasibət bildirir, bu gün dünyamızda olmayan klassiklərin haqqının tapdanmasına razı olmurdu. Bu nahaq dünyanın əyri-üyrüsünü düzəltmək, haqq yoluna gətirmək istəyənlərin indi biri də azaldı.

     Tarixi romanların, dəyərli araşdırmaların müəllifi, filologiya elmləri doktoru, yazıçı Əzizə Cəfərzadə 81 yaşında dünyasını dəyişdi. Hələ tarixin ona dediklərini vərəqə köçürməkdən yorulmamışdı. Cənub ədəbiyyatının tarixini, şifahi ədəbiyyatın janrlarını təzədən bir də araşdırmaq istəyirdi. Arzuları çox idi, amma yazdıqları, özündən sonrakı nəsillər üçün qoyduqları da az deyil. Onun "Aləmdə səsim var" trilogiyasında şair Seyid Əzim Şirvaninin timsalında dövrün savadlılarının başına gələnlər, eləcə də qədim Şirvanın ədəbi-mədəni, ictimai-siyasi mühiti ustalıqla təsvir edilirdi. "Bakı-1501-ci ildə" tarixi romanında isə orta əsrlər Azərbaycanı olduğu kimi gözümüz önündə canlanırdı. Əvvəl repressiya qurbanlarının xatirəsinə həsr elədiyi yazılarını ağrıyla oxuyurduq. Sonra yazıçı ağrıyla, yana-yana Qara Yanvar hekayələrini yazdı.

     Əzizə xanımın sinəsi atalar sözü, bilməcələr, bayatılarla dolu idi. Yaz bayramı, milli mərasimlərlə bağlı yeni araşdırmaları yeniyetmə və gənclər üçün əvəzsiz mənbə idi. Qız-gəlinlər isə bu dünyagörmüş ağbirçəkdən qədim Azərbaycan mətbəxinin sirlərini öyrənməkdən yorulmurdular...

     Əzizə xanım Hacıqabul torpağında, əzizlərinin yanında dəfn olunmağı istəyib. Doğmaları, qələm yoldaşları, oxucuları dünən yazıçının son vəsiyyətinə əməl elədilər.

   «Cumhuriyyət» qazeti