Əvvəlki səhifəyə qayıtmaq üçün

                                                       

 

"Elə bilirəm əcəl dayanıb qapının o üzündə"

 Uzun ömür arzusunda olmayan Əzizə Cəfərzadə əbədi həyat qazandı   

 

"Mənə uzun ömür arzulamayın. Arzulayın ki, Allah məni ayaqüstə öldürsün, yatağa salmasın, heç kimə möhtac eləməsin." Bu sözləri Əzizə xanım ötən il Bakı Dövlət Universitetində keçirilən ad günündə demişdi.

 "Şöhrət" ordenli xalq yazıçımız, hamının el anası kimi sevib süfrəsinin yuxarı başında əyləşdirdiyi Əzizə xanım Cəfərzadə də bizləri tərk etdi. Millət öz arasında bir millət kimi onun dəyərini, qabiliyyətini, bacarığını, bütövlüyünü özündə toplayan və əks etdirən, xalqının simasına çevrilən istedadlı insanları kəşf edəndə, ortaya çıxaranda nə qədər sevinir, qürur duyursa, onları itirəndə bir o qədər kədərlənir, yanıb-yaxılır. Bu il itirdiyimiz milli-mənəvi dəyərlərimiz hesab edilən istedadlı insanlar sırasını Əzizə xanım Cəfərzadə davam etdirdi.

 Əzizə xanımı əsərlərindən yazıçı kimi, televiziya verilişlərindən isə maraqlı müsahib, həmsöhbət kimi tanıyır və sevirdik. Novruz bayramı ərəfəsində bəlkə də hamıdan çox qapısı döyülən Əzizə xanım idi. Xalqımızın adət-ənənəsini, xeyrinin, şərinin qayda-qanunlarını son dərəcə gözəl bilən, həyat tərzində yaşadan, yeri gəldikcə öyrədən əsl türk qadını idi Əzizə xanım. Tarixi Azərbaycan məişətinin mətbəxindən tutmuş geyim tərzinə qədər hər şeyi bütün xırdalıqlarına qədər bilən və yorulmadan, usanmadan təfərrüatı ilə hər birimizə aşılamağa çalışan Əzizə Cəfərzadənin, təsadüfi deyil ki, qapısı həmişə hamının üzünə açıq olardı. Onu həm də xeyriyyəçi kimi tanıyırdılar. Şerini çap etdirmək istəyənləri, kitab buraxmağa hazırlaşanları, bir ana məsləhətinə ehtiyacı olanları Əzizə Cəfərzadənin ünvanı görüşdürürdü. Öz işi üçün heç kimə ağız açmayan yazıçı ona pənah gətirənlərin xatirinə ərki çatan, sözü keçən şəxslərə zəng vurur, bacardığı köməyi əsirgəmirdi. Pul üçün qapısını döyənlər də az deyildi. Belə hallarda yarızarafat-yarıgerçək "Elə bilirlər ki, məni televizorda göstərirlərsə, deməli, pulum çoxdur", - desə də, imkanı çatan qədər yardım göstərirdi.

 Əzizə xanım həmişə iş başında idi. Üst-üstə yığılmış, cildi saralmış qovluqlar idi onun xəzinəsi. Yazmaq istədiyi, bizə anlatmağa imkan axtardığı şeylər çox idi. Tariximizlə bağlı nə qədər sirlər, gizli məqamlar yatırdı sinəsində. Görünür, onu tez-tez tarixə müraciətə yönəldən bizə keçmişimizi yadımıza salmaq istəyi idi. Əzizə xanım təzəlikcə tarixi mövzuda daha bir romanına nöqtə qoymuşdu. Söhbət, əlbəttə ki, yenə də başımıza gətirilən faciələrdən gedir. "Xəzərin göz yaşları" yazıçının sonuncu kitabı oldu. İndiyə qədər çoxlarımıza tam təfərrüatı ilə bəlli olmayan faciəni Əzizə xanım açıqlayır, bir millət kimi nələrdən keçdiyimizi anladırdı. Niyə məhz faciələrimizdən yazdığını soruşanda "O qədər faciəli məqamlar var ki. Nə qədər ağır olsa da, bunları mütləq yazmaq lazımdır. Çünki bu, bizim tariximizdir" deyirdi. Nə vaxtsa Qarabağ dərdimizdən də yazacaqdı Əzizə xanım. Hər dəfə bu barədə söz düşəndə "Ömür imkan versə, mütləq yazacağam" söyləyən Əzizə xanım çox tələsirdi. Bildiklərini, illər boyu topladıqlarını birnəfəsə bölüşməyə çalışırdı. "Bir dəfə böyük alimlərimizdən olan Rəmzi Yüzbaşov məndən soruşdu ki, ildə bir roman yazırsan. Niyə tələsirsən? Dedim ki, elə bilirəm yəhərli, yüyənli atın üstündə əcəl dayanıb qapının o üzündə. İstəyirəm nə toplamışamsa, onu qaytarım millətimə. İndiyədək xeyli əsər yazmışam. Amma "Xəzərin göz yaşları" mənim üçün onların hamısından ağırdır. Mən bunu qanımla yazmışam. Bəlkə də bu, əvvəlkilərdən zəif çıxacaq, bilmirəm, amma yanğım hamısından üstün olub."

 Əzizə Cəfərzadə həm də "Bizim ƏSR"in ən məsuliyyətli və məhsuldar yazarlarından idi. Xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı araşdırmalarını, tədqiqatlarını qəzetimizin səhifələrinə etibar edirdi. Bəzən işin çoxluğundan onunla bir az gec əlaqə saxlayanda, dözməyib özü zəng edir, telefonu götürən ilk adama umu-küsü edirdi. Sonra da könlümüzü alır, "Uman yerdən küsərlər. Sizin kollektivi özümünkü sayıram, məni axtarmayanda elə bilirəm unutmusunuz, ona görə inciyirəm" deyirdi. Vaxtının məhdud olmağına baxmayaraq, Əzizə xanım qəzetimizi çox diqqətlə oxuyur, bəyəndiyi və bəyənmədiyi məqamlara münasibət bildirir, onu tərpədən mövzular olanda cavab da yazırdı. Son vaxtlar ayaqları ağrıdığından heç yerə çıxmırdı. "Hər dəfə o pilləkənləri düşüb-qalxmaq məni bir il arxaya atır" deyə gileylənirdi. Sonra da zarafatla "Redaksiyanızın bir küncündə mənə də bir stol ayırın, hər gün işə gələcəyəm" söylə-yirdi. Ömrünü milli ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına, müasir gəncliyin formalaşmasına həsr edən yazıçımız artıq aramızda yoxdur. Onun hər birimizin stolüstü kitabına çevrilən tarixi romanları isə bizimlədir.

 

Allah rəhmət eləsin.

  «Bizim Əsr» qazeti