" Yad et məni"
Onun ölkəmiz və
xalqımız barəsində etdiyi söhbətlər həyat tərzimizin bir hissəsinə çevrilmişdi.
Ona görə yox ki, bu söhbətləri illər idi ki, dinləyirdik, yox. Bu məhrəmliyin
ayrı bir zəmini var idi.
Əzizə xanım Cəfərzadənin şəxsində Azərbaycan xanımının həyatın təqdim
etdiyi hər bir şəraitdə üzə çıxan bütün ən xarakterik cəhətləri birləşmişdi.
Onun eyni zamanda gözəl şərqşünas-alim, pedaqoq, tarixçi, nasir olmağın
öhdəsindən bitkinliklə gəlməsində şəxsiyyətinin nurlu izi sezilirdi.
Əzizə xanım Cəfərzadə 1921-ci il dekabrın 29-da dünyaya gəlib. Nəsimi
adına Əlyazmalar İnstitutunda şöbə müdiri, Bakı Dövlət Universitetinin
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub.
Tədqiqatçılıq və nasirlik fəaliyyəti məhsuldarlığı və keyfiyyətliliyi ilə
seçilir. Çoxlu tarixi və lirik əsərləri ədəbi ictimaiyyətin və geniş oxucu
kütləsinin gözlədiyi və rəğbətlə qarşıladığı hadisələrdən idi. İlk əsərini - "Əzrayıl"ı
1937-ci ildə qələmə alıb. Bundan başqa "Aləmdə səsim var mənim", "Bakı-1501",
"Cəlaliyyə", "Yad et məni" və s. tarixi əsərlər müəllifidi.
Əzizə xanım üç il idi ki, kəskin ürək-damar çatışmazlığından əziyyət
çəkirdi. Sentyabrın 4-dən 5-nə keçən gecə dünyasını dəyişib özünün vəsiyyətilə
Hacıqabul rayonunun Tacılı kəndində, valideynlərinin uyuduğu məzarlıqda
torpağa tapşırıldı.
Allah rəhmət eləsin.