Əvvəlki səhifəyə qayıtmaq üçün
   
                                                      
 

 

TARİXİ  YADDAŞIN  SALNAMƏSİ

 İyirminci yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan xalq yazıçısı Əzizə Cəfərzadə özünəməxsus bir yaradıcılıq yolu keçmişdir. Ədəbiyyatımızda daha çox tarixi roman ustası, etnoqrafik yaddaşımızın mahir salnaməçilərindən biri kimi tanınan yazıçının ədəbi-bədii irsi zənginliyi, əhatəliliyi, və çoxcəhətliliyi ilə diqqəti çəkməkdədir.

 Əzizə Cəfərzadənin hələ kifayət qədər araşdırılmamış yaradıcılılıq yolunu şərti olaraq üç mərhələyə bölmək olar. 1937-1970-ci illəri əhatə edən birinci mərhələ ilk yaradıcılıq axtarışları kimi dəyərləndirilə bilər. Yazıçı bu dövrdə tarixi və müasir mövzularda hekayə yaradıcılığı ilə məşğul olmuş, eyni zamanda gələcək tarixi romanlarının ilkin zəminini təşkil edən elmi-publisistik fəaliyyətini davam etdirmişdir. 1970 – 1990 - cı illərlə hüdudlanan ikinci mərhələdə isə yazıçı ədəbi və siyasi şəxsiyyətlərin həyatından bəhs edən bir sıra mühüm tarixi romanlarını yaratmış və bir nasir kimi özünü təsdiq etmişdir. Nəhayət, 1991–2003-cü illəri əhatə edən sonuncu mərhələdə yaradıcılığı mahiyyətcə yeni məzmun kəsb etmiş yazıçı diqqəti Azərbaycan siyasi tarixinin ən aktual problemlərinə yönəldə bilmiş, həmçinin milli mənəviyyatımızın ağrılı məsələrini işıqlandırmışdır.

 Məlum olduğu kimi, Əzizə Cəfərzadə bədii yaradıcılığa «Əzrayıl» adlı hekayə ilə başlamışdır. 1937- ci ildə «Ədəbiyyat qəzeti»ndə dərc olunmuş bu hekayədə yazıçı öz dövrünün sosial həyatının canlı  bədii mənzərəsini yarada bilmişdir. Məhz bu dövrdən etibarən o, hekayələri, povestləri, elmi və publisistik yazıları ilə vaxtaşırı olaraq mətbuatda çıxış etmiş, bir sıra maraqlı, məzmunlu sənət örnəkləri ortaya çıxarmışdır. 

Qeyd edək ki, 1948-cı ildə Azərnəşr ədibin «Hekayələr» adlı ilk kitabını çapdan buraxmış, lakin kitab satışa çıxarılmadan yandırılmışdır. Mətbuatda bu kitabın nübar nüsxəsi əsasında yazıçı Cəlal Məmmədovun məqaləsinin dərci də oxuculara məlumdur. Ədibin mülahizələrinə görə, ilk kitabının  satışa buraxılmadan yandırılmasına səbəb Mixail Zoşşenko və Anna Axmatova şəxsiyyəti fonunda yaranan mübahisə, ÜİK(b)P MK-nın «Zvezda» və «Leninqrad» jurnalları haqqında» (14 avqust 1946)  və «Dram teatrının repertuarı və onu yaxşılaşdırmaq tədbirləri haqqında» (26 avqust 1946)  qərarı və həmin qərarın Azərbaycan ədəbi mühitinə təsiri olmuşdur. Qeyd edək ki, ilk kitabının yandırılmasından sonra Əzizə Cəfərzadənin 1963- cü ilə kimi  heç bir kitabı işıq üzü görməmişdir, ancaq yazıçı bu illər ərzində bir an belə olsun yaradıcılıq dünyasından ayrılmamış, müxtəlif janrlarda bir sıra maraqlı, yaddaqalan əsərlər yaratmışdır.

 Müəllif uzun illərdən sonra ədəbiyyata qədəm qoyduğu ilk dövrü belə  xatırlayır: «İlk hekayəm 1937-ci ildə «Əzrayıl» adıyla «Ədəbiyyat qəzeti»ndə çap edilib. İlk kitabım (“Hekayələr”) isə 1948-cı ildə oxuculara çatmalıydı. Kitabın ilkin nüsxəsini alan mərhum tənqidçimiz Cəlal Məmmədov onun haqqında «Azərbaycan gəncləri» qəzetində (11 iyun 1948)  hətta məqalə ilə çıxış etmişdi, lakin kitab işıq üzü görmədi, yandırıldı, əlimə bircə nüsxəsi belə keçmədi, üzünü də göstərmədilər mənə. Çünki məni o zaman «Axmatovşinada», adını bilmədiyim «salon lirikası» tərənnümündə günahlandırmışdılar. Bəlalı il idi, Jdanovun çıxışından sonra gözəl ədibimiz, görkəmli dramaturqumuz Sabit Rəhman həmin illərdə «Zoşşenkoçuluq»da  ittiham edilirdi. İlk kitab müəllifi olacaq kövrək, 1945-ci ildə əlində «xalq düşməni sayılan ərəb əlifbası» ilə türk nasirinin romanı tutulduğuna görə universitetin birinci kursundan qovulan kimsəsiz qız üçün bundan ağır, qorxulu nə ola bilərdi?  Elə buna görə də birinci kitabım çox sonralar, 1963-cü ildə «Natəvan haqqında hekayələr» adı ilə çap olundu».

  Əzizə Cəfərzadənin yaradıcılığı üçün hekayə janrı səciyyəvidir. O bu janrda bütün yaradıcılığı boyu qələm çalmış, bir sıra yaddaqalan, təkrarsız sənət örnəkləri yaratmışdır. Ədibin hekayələrinin mühüm bir qismi kitab kimi nəşr olunmuşdur. «Natəvan haqqında hekayələr» (Bakı, 1963), «Qızımın hekayələri» (Bakı, 1964), «Sahibsiz ev» (Bakı, 1966), «Əllərini mənə ver» (Bakı, 1969) və digər kitablarda toplanmış bədii nümunələr bu qəbildəndir. Yazıçı hekayə yaradıcılığı ilə yanaşı povest janrında da bir sıra maraqlı sənət nümunəlri ortaya çıxarmışdır.

 Əzizə Cəfərzdənin yaradıcılığında tarixi mövzulu əsərlər aparıcı yer tutur. O, bütün yaracıdıcılığı boyu bu mövzuya sadiq qalmış, nəticədə xalqımızın uzaq və yaxın tarixinin bir çox səhifələrini bədiiləşdirən əsərlər ortaya çıxarmışdır. Müəllifin «Aləmdə səsim var mənim» (1972), «Vətənə qayıt» (1977), «Yad et məni» (1980), «Bakı–1501» (1981), «Cəlaliyyə» (1983), «Ağlar-güləyən Sabir» (1989) kimi  roman və povestləri bu baxımdan diqqəti çəkməkdədir.

 Azərbaycanın istiqlaliyyət əldə etməsi Əzizə Cəfərzadənin yaradıcılığının daha da çiçəklənməsinə, mahiyyətcə dəyişməsinə səbəb olmuş, tarixi mövzuda yeni-yeni əsərlərin yaranmasına təkan vermişdir. «Eldən–elə» (1992), «Gülüstan»dan öncə» (1996), «Zərrintac – Tahirə» (1996), «Bir səsin faciəsi» (1997), «İşığa doğru» (1998), «Bəla» (1999), «Rübabə–Sultanım» (2000), «Xəzərin göz yaşları» (2002) romanları da tarixi mövzuda yazılmışdır. Ədibin tarixi romanlarında bir tərəfdən dövrün panoramı çəkilmiş, xalqımızın etnoqrafik yaddaşının aparıcı cizgiləri qabardılmış, digər tərəfdən ədəbi və siyasi şəxsiyyətlərin canlı, real bədii obrazı yaradılmışdır. Yazıçının ölümündən bir qədər əvvəl bitirdiyi, hələ oxucuların mühakiməsinə verilməmiş sonuncu əsəri – Türk şerinin peyğəmbəri Məhəmməd Füzulinin həyatından bəhs edən «Eşq sultanı» (2003) romanı da tarixi mövzuda qələmə alınmışdır.

 Əzizə Cəfərzadənin yaradıcılığının mühüm bir qolu elmi-nəzəri istiqamətdədir. Onun tərtibatı ilə üzə çıxarılan «Fatma xanım Kəminə» (1971), «Könül çırpıntıları» (1972),  iki cilddən ibarət «Azərbaycanın aşıq və şair qadınları» (1974, 1991, 2003), «Şirvanın üç şairi» (1976), Abdulla Padarlının «Seçilmiş şerləri» (1979), «Hər budaqdan bir yarpaq» (1983) kitabları ciddi elmi dəyər daşımaqdadır. Alimin uzun illik yaradıcılıq axtarışlarının bəhrəsi olan «Azərbaycan poeziyasında xalq şeri üslubu» (XIX əsrin materialların əsasında) və «Azərbaycan poeziyasında xalq şeri üslubu» kimi monoqrafik araşdırmaları müasir Azərbaycan ədəbiyyatşünaslığının və folklorşünaslığının olduqca əhəmiyyətli nümunələrindəndir.

 Əzizə Cəfərzadənin tərcümə yaradıcılığı sahəsindəki fəaliyyəti də maraq doğurur. Ədib müxtəlif dövrlərdə rus yazıçısı S.Smirnovun «Brest qalası»nı, Türkiyə ədəbiyyatının görkəmli nümayəndələri olan Sevinc Çokumun «Bizim diyar», Əhməd Kabaklının «Əjdaha daşı», Şəmçi Tellinin «Atatürkün eşq macərası» romanlarını orijinaldan  dilimizə çevirərək nəşr etdirmişdir.

 Ədibin publisistik yaradıcılığı da zəngin və çoxcəhətlidir. Xüsusilə onun 1965-1966-cı illərdə  Afrikanın Qana respublikasında yaşadığı illərin bəhrəsi olan «Qızıl sahilə səyahət» (1968) əsəri Azərbaycan publisistikasının ən maraqlı örnəklərindən sayılmaqdadır. Bundan əlavə, müəllifin mətbuat səhifələrində Azərbaycanın ictimai-siyasi və mənəvi-əxlaqi həyatının  müxtəlif problemlərinə dair çoxlu sayda publisistik məqalələri və müsahibələri çap olunmuşdur.

 Əzizə Cəfərzadə əsərlərini müxtəlif janrlarda yazmasına baxmayaraq Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi tanınmaqda və sevilməkdədir. Ədibin əsərlərində ən qədim dövrlərdən tutmuş XX yüzilə qədər  Azərbaycan tarixinin ən mürəkkəb, keşməkeşli hadisələri (həmçinin bu fonda ədəbi və siyasi şəxsiyyətlərin obrazları) bədii təcəssümünü tapmışdır. Yazıçının tarixi romanlarını səciyyələndirən əsas cəhətlərdən biri onun müraciət etdiyi tarixi dövrü bütün təfərrüatı ilə canlandıra bilmək məharətindədir. Daha doğrusu, yazıçı tarixi yalnız quru fakt və sənədlərin işığında təqdim etmir, ona can və ruh verir, özünün qeyri-adi fantaziyası ilə təsvir etdiyi dövrün təbii mənzərəsini, panoramını yarada bilir. Əzizə Cəfərzadənin romanları tarixə qeyri-adi sevgi və vurğunluqdan yaranmışdır; onların ruhunda, mayasında yüksək  vətənpərvərlik və vətəndaşlıq amalı özünü göstərməkdədir. Bu romanlar yalnız bədii düşüncənin məhsulu olmaqla qalmayıb xalqımızın etnoqrafik yaddaşını əks etdirən qiymətli salnamələr kimi dəyər daşımaqdadır.

Əzizə Cəfərzadənin tarixi romanlarını səciyyələndirən ən mühüm cəhətlərdən biri onların ideyaca müasirliyi, bu gunun problemləri ilə bağlı olmasıdır. Həmçinin yazıçının romanlarının dili, üslubu, yazı manerasının orijinallığı, təsvir olunan faktlara və hadisələrə yanaşılma tərzi ilə seçilməsi də diqqəti çəkməkdədir.

 Bir məsələyə də diqqət yetirilməlidir ki, sovet imperiyasının ən çətin və mürəkkəb dönəmində yazıb-yaratmasına baxmayaraq Əzizə Cəfərzadənin əsərlərində dövrün konyuktur elementləri, saxta ideologiyanın izləri, çalarları öz əksini tapmamışdır. Əksinə, yazıçı tarixi mövzulara müraciət etməklə dolayısı ilə sovet imperiyasının təlqin etdiyi ideoloji stereotiplərə etirazını ifadə etmişdir.

 Müəllifin iki cilddən ibarət əsərləri toplusuna onun Azərbaycan ədəbiyyatında xüsusi yer tutan, şərti olaraq «Şirvan» trilogiyası adlandırılan «Aləmdə səsim var mənim», «Vətənə qayıt»,  «Yad et məni» və XVI əsr hadisələrini əks etdirən «Bakı – 1501» kimi romanları daxil edilmişdir.

 Yazıçının yaradıcılıq axtarışlarının mühüm uğurlarından sayılan «Şirvan» trilogiyasında Azərbaycanın tarixi yaddaşında əhəmiyyətli yer tutan Şirvanın yetirdiyi ədəbi şəxsiyyətlərin bədii obrazı yaradılmışdır. Belə ki, trilogiyanın ilk əsəri olan «Vətənə qayıt» romanında XVIII yüzilin istedadlı söz ustadı Nişat Şirvaninin, ikinci hissəsini təşkil edən «Aləmdə səsim var mənim» romanında XIX yüzilin görkəmli şairi Seyid Əzim Şirvaninin, sonuncu hissəsi olan «Yad et məni» romanında isə XX yüzildə yaşayıb-yaratmış vətəndaş şair Abbas Səhhətin həyat və mübarizə yolu təsvir olunmuşdur. Ancaq bu əsərləri yalnız ayrı-ayrı ədəbi şəxsiyyətlərə həsr olunmuş sənət örnəkləri kimi dəyərləndirmək doğru deyildir, çünki burada təsvir olunan dövrün geniş ictimai-siyasi və ədəbi-mədəni panoramı çəkilmişdir. Başqa sözlə, yazıçı tariximizin iki əsrdən artıq bir dövründə Şirvanda cərəyan edən mürəkkəb, ziddiyyətli hadisələri izləmişdir. Maraqlıdır ki, Əzizə Cəfərzadə Azərbaycan tarixinə faktların, sənədlərin gözüylə işıq, aydınlıq gətirmiş, eyni zamanda tarixi qaynaqların əsirinə çevrilməmiş, bir çox məqamlarda keçmişin qaranlıq, öyrənilməmiş səhifələrini bədii təxəyyülünə güvənərək canlandırmışdır. Bu isə həmin əsərlərin koloritini, canlılığını, xəlqiliyini təmin etmiş, təsir və təlqin  gücünü artırmışdır.

 «Vətənə qayıt» (1973) romanın süjetində Vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu  süjet xətlərinin paralel, bəzənsə qovuşuq təsvirini verə bilmişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, ömrünü, taleyini vətənə bağlamış olan  bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır.

“Vətənə qayıt” romanının süjeti kədərli motivlərlə müşayiət olunsa da, əsərin finalı nikbin səciyyə daşıyır. Romanda həyatı, varlığı, yaradıcılığı ilə doğma elinə-obasına bağlı olan şair Nişat Şirvaninin sürgün edildiyi Salyandan doğulduğu yurda – Şamaxıya dönüşü ibrətamiz məna və məzmun daşıyır. Onu da qeyd edək ki, «Vətənə qayıt» romanı vaxtilə sovet senzurasının ciddi «redaktə»sinə  məruz qalmış, xüsusilə əsərin Qəbulə xanımla bağlı hissəsi bütünlüklə kəsilib çıxarılmışdır. Həmin hissə romanın indiki nəşrində bərpa olunmuşdur.

 «Aləmdə səsim var mənim» (1972) romanı yalnız yazıçının yaradıcılığında deyil, ümumən Azərbaycan tarixi nəsrində əhəmiyyətli yerlərdən birini tutur. Müəllifin ilk romanı olan və ədəbi mühit tərəfindən böyük həssaslıqla qarşılanan bu əsərin adı Seyid Əzim Şirvaninin şerindən götürülmüşdür:

  Mövti-cismani ilə sanma mənim ölməyimi,

 Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

 Xatırladaq ki, yazıçı romanın adını əvvəlcə “Məhəbbət günahdırmı?” adlandırmağı nəzərdə tutmuş, ancaq əsərin nəşri zamanı bu adı dəyişməyi münasib bilmişdir. Bu da şübhəsiz ki, romanın ictimai məzmunu ilə onun adı arasında olan olan müəyyən fərqlərin aradan qaldırılması niyyətindən doğmuşdur.

 «Aləmdə səsim var mənim» romanında  Əzizə Cəfərzadə  yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da, yazıçı bununla kifayətlənməmiş, bütövlükdə XIX yüzil Şirvan tarixini, daha doğrusu Şamaxı mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında izləmişdir.

 Xalq şairi Rəsul Rzanın fikrincə, «əsərin bəyənimli cəhətlərindən biri bəlkə də ən dəyərlisi, müəllifin qələmə aldığı dövrə, onun insanlarına, xalqın məişətinə, adətlərinə yaxından, yaxşı bələd olmasıdır. Biz bu əsərdən xalqın keçmişinə aid yalnız baş vermiş hadisələr, yeniliklə köhnəliyin mübarizəsindən inandırıcı səhifələr deyil, həm də bir sıra etnoqrafik detallar, adətlərin necəliyi, neçinliyi, mühitin havası haqqında maraqlı məlumat alırıq. Kitabı vərəqlədikcə, bir zamanlar gördüyümüz məişət, adət-ənənələri, insan xarakterləri, faktlar düzümü illərin uzaqlarından, xatirələr toranından aşkarlanan fotoşəkillər kimi yavaş-yavaş gözlərimizdə görümlüləşir».

 Şirvan trilogiyasının sonuncu romanı olan «Yad et məni» (1980) əsərində XX yüzilin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Romanda üç dostun – Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Ağəli Nasehin portreti yaradılmışdır. Belə ki, Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik, kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı  bədii detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti Abbas Səhhətə yönəltməyə çalışmış, hadisə və əhvalatları mümkün qədər onunla bağlamışdır.

 Əzizə Cəfərzadənin «Bakı –1501» (1981) romanı Şah İsmayıl Xətainin həyat və mübarizə yolundan bəhs edir. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında Şah İsmayıl haqqında bir sıra əsərlər yazılmışdır. Bunların içərisində Əlisa Nicatın «Qızılbaşlar», Fərman Kərimzadənin «Xudafərin körpüsü» və «Çaldıran döyüşü» (Qeyd edək ki, yazıçı-dramaturq Kamal Abdullanın son dövrün məhsulu olan «Yarımçıq əlyazma» romanının paralel süjetindən biri də Şah İsmayıl mövzusu üzərində qurulmuşdur) xüsusi yer tutur. Şah İsmayıl şəxsiyyətinə dönüş zərurəti sovet imperiyasında siyasi iqlimin bir qədər mülayimləşməsi və bunun nəticəsi olaraq  Azərbaycanın milli-azadlıq hərəkatının ilkin oyanış mərhələsini yaşaması ilə bağlı idi. Şübhəsiz ki, milli-azadlıq hərəkatı eyni zamanda tarixə, onun milli dəyərlərinə qayıdışla müşayiət olunur ki, bu məqamda yazıçıların üzərinə böyük vəzifə düşdüyü etiraf olunmalıdır.

 Qeyd olunmalıdır ki, adı çəkilən romanların hər birində Şah İsmayıl şəxsiyyətinə dönüşün məğzində, mahiyyətində Azərbaycanın itirilmiş dövlətçiliyinin bərpası, parçalanmış məmləkətin birləşdirilməsi, bütövləşdirilməsi amalı dayanmaqdadır. Əgər Əlisa Nicatın «Qızılbaşlar» romanında əsas etibarı ilə Çaldıran döyüşündən, Sultan Səlimlə Şah İsmayıl arasında gedən müharibə fonunda Türk dünyasının yaşadığı faciələrin ağrılarından bəhs olunursa, Fərman Kərimzadə daha çox Şah İsmayılın həyat və mübarizə yolunu xronoloji səpkidə canlandırmaq məqsədi izləmişdir. Bu əsərlərin içərində yazılma tarixi etibarı ilə ilk əsər kimi dəyər daşıyan Əzizə Cəfərzadənin «Bakı–1501» romanında böyük sərkərdənin Bakını ələ keçirməsi əks olunmuşdur. Lakin romanda Şah İsmayılın Bakıya yürüşü əsas yer tutsa da, müəllif tarixi hadisələri yalnız bu faktla məhdudlaşdırmamışdır. O, Şah İsmayılın hakimiyyətə gəlişindən tutmuş ömrünün sonuna qədər cərəyan edən hadisələr fonunda bir hökmdar, sərkərdə və şair kimi onun ömür yolunun başlıca məqamlarına işıq tutmuşdur. Tənqidçi-ədəbiyyatşünas Akif Hüseynov «Bakı – 1501» romanını təhlil edərkən baş qəhrəmanı yazıçının uğuru kimi dəyərləndirmişdir. Onun fikrincə, müəllif «Şah İsmayılın mürəkkəb xarakterini canlandırarkən nəinki birtərəflilikdən, aludəçilikdən uzaqlaşa bilmiş, obrazın məziyyətləri, fəaliyyətinin pozitiv cəhətləri ilə yanaşı qüsurlarını da göstərmişdir, həm də qəhrəmanın milli şüurunun, vətənpərvərlik duyğularının inikasına ciddi diqqət yetirmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan dövlətinin yaradıcısı kimi səciyyələndirilir».

 Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizəsinin simvolu kimi dil, qeyrət və vətən  sevgisi diqqət mərkəzinə çəkilmişdir. (Onu da qeyd etmək yerinə düşər ki, Əzizə Cəfərzadənin məzar daşına da «Bakı – 1501» romandan – Şah İsmayılın dilindən gətirilən «Sizə vəsiyyətim: dilimizi, qeyrətimizi, Vətənimizi qoruyun»  sözləri həkk olunmuşdur).

 İnanırıq ki, Əzizə Cəfərzadənin yalnız öz dövrünə deyil, gələcəyə ünvanlanmış romanları geniş oxucu kütləsinin diqqət və marağına səbəb olacaq, sevilə-sevilə oxunacaqdır.

  Vaqif  SULTANLI

 filologiya elmləri doktoru, professor