Əvvəlki səhifəyə qayıtmaq üçün  

 

Xalq yazıçısı Əzizə Cəfərzadə dünyasını dəyişib

 82 YAŞINDA VƏFAT EDƏN YAZIÇI, ÖZ VƏSİYYƏTİNƏ ƏSASƏN, HACIQABUL RAYONUNUN TAĞILI KƏNDİNDƏ TORPAĞA TAPŞIRILIB

     Sentyabrın 4-də xalq yazıçısı, filologiya elmləri doktoru Əzizə Cəfərzadə dünyasını dəyişib. O, 1921-ci ildə dünyaya göz açmışdı. Ədəbi yaradıcılığa erkən başlayan Əzizə Cəfərzadə ilk dəfə 1937-ci ildə "Əzrayıl" adlı hekayəsi ilə mətbuatda çıxış edib. Azərbaycan tarixinə olan marağı sonralar onu "Bakı 1501", "Aləmdə səsim var mənim...", "Yad et məni...", "Cəlaliyyə" kimi əsərlərin müəllifi kimi tanıdıb. Yazıçının qələmə aldığı "Anamın nağılları" kitabında çox maraqlı Azərbaycan nağılları toplanıb.

    Əzizə Cəfərzadə ömrünün sonlarına qədər bədii yaradıcılıqdan ayrılmadı. Onun "Xəzərin göz yaşları" adlı kitabı bu yaxınlarda işıq üzü görmüşdü.

    Əzizə Cəfərzadə tanınmış yazıçı, ədəbiyyatşünas olmaqla yanaşı, həm də qəlbi Azərbaycan eşqilə döyünən vətənpərvər kimi tanınırdı. Torpaqlarımızın işğalı 82 yaşlı yazıçı üçün çəkilməz dərd olmuşdu. Son illər mətbuatda çap etdirdiyi yazılarında o, bu böyük kədərdən ağrı ilə bəhs edirdi.

    Əzizə Cəfərzadə dünən, öz vəsiyyətinə uyğun olaraq, Hacıqabul rayonunun Tağılı kəndində torpağa tapşırılıb. Xalq yazıçısının yas mərasimi isə sentyabrın 8-dən etibarən Bakıda - Nizami küçəsi 109 ünvanında keçiriləcək.

     

AYTƏN