Əzizə Cəfərzadənin Hüzni təxəllüsü ilə yazdığı şerlər

 

Keçər dövran belə qalmaz.

 

Gəl ey yarım, vəfadarım

Keçər dövran belə qalmaz.

Ağır dərdim sağalmır heç

Keçər dövran belə qalmaz.

 

Gözüm doymur gözəllikdən…

 

Anam yoxdur başın açsın,

Bacım yox göz yaşın saçsın,

Bəs millətim hara qaçsın

Keçər dövran belə qalmaz.

 

Gözüm doymur gözəllikdən…

 

Sıxışdırıb bizii yağı

Çəkib sinəmizə dağı

Dağılıb elin novlağı

Keçər dövran belə qalmaz.

 

Gözüm doymur gözəllikdən…

 

Siz ey Allahın qulları

Millətimin ogulları

Açın tez bağlı yolları

Keçər dövran belə qalmaz.

 

Gözüm doymur gözəllikdən…

 

Fəxriyyə-Universitet Ğdostlarımağ

 

Punhanı dərdləri deməm yada mən

Zamanın əlindən getdim dada mən

Qane oldum bir quruca ada mən

Başım düşdü bitməz sevdaya mənim.

 

Dərin-dərin dəryalara dalmışam

Zincirim üzülüb, darda qalmışam

Arzu kamım bu cahandan almışam,

Cismim yük olub bu dünyayə mənim.

 

Gərəm elə, barı, gərəm çağıdır,

Dörd bir yanım qarı düşmən yağıdır,

Ahu-naləm yeri-göyü dağıdır

Həcərim qul olub Saraya mənim.

 

Kəlmə kəsib kəlməsindən doymadım

Məhbubların fitnəsinə uymadım

Mülkü malı, şan-şöhrətə saymadım

Ürəyim sığındı mövlana mənim.

 

İranı, Turanı gəzdim dolandım

Yar-yar dedim atəşinə qalandım

Dost əliynən sonsuz qəmə bələndim

Şöhrətim od qoyar Daraya mənim.

 

Mən kiməm?

 

Bilirsiniz mən kiməm?Bilirsiniz mən nəyəm?

 Yazılmamış bir kitab, oxunmamış nəğməyəm.

 Nənələrin gözünə işıq verən sürməyəm.

  

Dərələrdə seləm mən,

 Təpələrdə yələm mən.

 Nağıldan nağla keçən

 Badeyi sərsərəm mən.

  

Bilirsiniz mən kiməm?Bilirsiniz mən nəyəm? 

Şəfəq dolu zirvəyəm, qar-çovğunam, girvəyəm.

 Gəlinlərin başında salınmamış tirməyəm.

 

Anlarsınız mən kiməm,

 Anlarsınız mən nəyəm.

 

 Dili bala arzusu

 Könlü həsrətlə dolu,

Qapısı könlü kimi

Daim açıq süfrəyəm.

 

Ürəyi közlə dolu, ürəyi sözlə dolu,

Anaların gümanı, nənələrin inamı

 Sözü dillər əzbəri balaca Əzizəyəm.

ƏZİZƏ CƏFƏRZADƏYƏ İTHAF  OLUNMUŞ ŞERLƏR

ANA

(Bu qəzəli Əzizə Cəfərzadəyə ithaf edirəm)

  

Ey könül, nəğməmizin ilk sözü — fəxr et, anadır,

Yerlərə, göylərə, tarixlərə ziynət anadır.

Anadan əmdiyimiz saf südə and olun ki,

Gözümə sönməz işıq, qəlbimə qüvvət anadır.

 

Anamın incə, şirin laylasına qurban olum,

Yer üzündə əbədi, ülvi məhəbbət anadır.

Cana gəlməz yeni dünyaya gələnlər anasız,

Körpələrçin anadır dövlət, hökumət anadır.

 

Məncə qeyrətli qıza, mərd oğula alnıaçıq —

Keçdiyi nəğməli yollarda səadət anadır.

Ey Süleyman, anadan yaz, anadan yaz, anadan,

Vətənə, millətə, dünyamıza şöhrət anadır.

 

Süleyman RÜSTƏM

14 mart 1978.

  

ƏZİZƏ CƏFƏRZADƏYƏ

 

 Sən Azərbaycan qadınlarının

                      bir gözəl simvolusan.

Dolusan fikirlərnən, gözəl

                      hisslərnən.

Ləyaqət, məhəbbət, ruhaniyyət

                       sahibisən.

Ucalmısan bu əskik dünyanın

                       başında

Geniş ürəknən dostları

                       sevirsən

Yumşaq ürəklə cahillərə

                       göz yumursan.

Heç vaxt daşımırsan ürəyində düşmənliyi

Sənin insanlığa eşqin,

                      məhəbbətin

Bir hədiyyədi ki,

                      əbədi edər insanı.

Əminəm ki, Azərbaycan səni kimi

Qadınlarla məğrurdu.

 

 Qulamrza Səbri Təbrizi

(Böyük Britaniya)

02.01.1998, Bakı

 

ƏZİZƏ CƏFƏRZADƏ ÜÇÜN

 Bu gün Əzizəni görməyə

                              getdim,

Onun günəş kimi fikirləri,

                             ürək açan təbəssümü

Mənnən Şamaxıya getməyimizi

Yolda dərdləşməyimizi

                            xatirimə gətirdi.

Gərçi on il keçdi o zamandan,

 Və Əzizə fikr edir ki,

Sinnə dolub o zamandan.

Sima o qədər cavandı

Fikrində, dünyabaxışında

Xəyalları bulaq kimi durudu,

Təbəssümü körpə təbəssümü kimi

Kəlmələri, sözləri yarır ildırım kimi

                                          gecələri

Yarır cəhalətin, zülmətin bağrını.

 

 Qulamrza Səbri Təbrizi

(Böyük Britaniya)

01.01.1998, Bakı

 

ƏZİZƏ  ANA!

 

Aslanın erkəyi-dişisi olmaz,

Bu məsəl bəllidir bütün cahana.

Sənin timsalında görürük bunu,

Analar anası Əzizə ana!

 

Səndə Seyid Əzim şeriyyəti var,

Səndə Sabirimin müdrikliyi var.

Səndə Şah Xətai cəsarəti var,

Elin cəsur qızı, Əzizə ana!

 

Əlində silahın qələm olsa da,

Yolunda tikanlar əngəl olsa da.

Gecə yuxuların qaçaq olsa da,

Qalalar qurmusan, Əzizə ana!

 

 Xətain rəşadət, qüdrət qalası,

Sabirin, Seyidin heyrət qalası.

Cəlaliyyən namus, qeyrət qalası,

İzlərin qalacaq, Əzizə ana!

 

 Səksən il yaşamaq hələ nədir ki,

Yaratdıqlarının ömrü səninki,

Sabir, Səhhət, Şah Xətai deyir ki

Yüz il yaşayacaq Əzizə ana!

 

Minaxanım Aslanova

 

ƏZİZƏ XANIMA

 

 Müdrik, alim yazıçımız, qayğıkeş ana,

Yaraşıqdır başdan-başa ömrə, cahana

Sözün qeyrət ocağında hey yan-yana,

Qol-qanadlar olubdur o, min məhəbbətə!

 

Yolu gah yasdan düşübdü, gah toy-düyündən,

Gələcəyə körpü salıb Sözdən bu gündən,

Od canında yazıçılıq duyduğu gündən

Can veribdir bir qələmə, bir ülviyyətə.

 

O canlı çıraqdı analar arasında

Qövr edir gecə-gündüz millət yarasında,

Yol gedir ilahə dahilər sırasında,

Yolu da ki, bircə yoldur — ƏBƏDİYYƏTƏ...

 

Simuzər Nüsrətbəyli

17 oktyabr 2000, Bakı

 

ƏZİZƏ

 

Milyon qəlb isindirər

Odun, közün Əzizə,

Əzizlərin əzizi

İki gözüm, Əzizə.

 

Könlüm düşüb sorağa,

Yol dönməsin uzağa,

Bir qonaq gəl bu dağa

Qurban özüm, Əzizə.

 

Min hikmətdir xoş səsin,

Al bahardı nəfəsin,

Qonşusudur hər kəsin,

Ustad sözün, Əzizə.

 

Burla Xatun övladı,

Qəlbin atəşgah odu,

O, Nigar, Həcər adı

Sənə yazım, Əzizə.

 

Könlüm düşüb sorağa,

Yol dönməsin uzağa.

Bir qonaq gəl bu dağa

Qurban özüm, Əzizə.

 

Səadət Buta

 

MƏNİM

Hörmətli nasirimiz, “Aləmdə səsim var mənim” romanının müəllifi Əzizə xanım  Cəfərzadəyə  ithaf edirəm.

 

Qulam eşqə, nə qədər ki, nəfəsim var mənim.

Bülbüləm, eşqin evində qəfəsim var mənim.

 

Ötürəm şami-səhər sevgili cananım üçün,

Zil deyil qəlbi yaxan, həm də pəsim var mənim.

 

Verərəm canımı eşqə, nə qədər canım var,

Buna amadəyəm hər dəm, həvəsim var mənim.

 

Eşq sərgəşdəsiyəm, həmdəmi-canım yoxdur,

Nə də bir dadə yetən özgə kəsim var mənim.

 

Duyuram bircə bunu ki, tərəfi-canandan,

Ruhumu oxşayacaq incə nəsim var mənim.

 

Alışan eşqim ilə, dürr sözümlə yaşadım,

Olacaqdır bu, cahan içrə səsim, var mənim.

 

Bakira, söyləyib ol Seyyidi-pirim erkən,

Tərg qılsam da, bu “aləmdə səsim var mənim”.

 

Əliağa  Bakir

10 fevral 1977.

 

QƏZƏL

 Gözəl insan, böyük sənətkar,uşaqlıq yoldaşım, anaları tərənnüm eyləyən, gözəl yazıçımız Əzizə xanıma.Əzizə xanım Sizin bu gün televizor ilə ana haqqında verilişinizə ithaf edirəm.

 

Varlığım, eşqim, həyatım, cismidə canım ana!

Hər zaman, hər yerdə daim, şöhrətim, şanım ana!

 

Sən həyatın çeşməsi, mən də sənin möhtacınam,

Bu cahan mülkündə daim zövqü-səhmanım ana!

 

Qibləgahımdır müdam ömrüm boyu kuyin sənin,

Hər sağalmaz dərdimə aləmdə dərmanım ana!

 

Mən sənin qurbanınam kim, sən yaratdın cismimi,

Bəxş edərdim ömrümü, olsaydı imkanım ana!

 

Güldürürsən gözlərimdə bu cahanı hər zaman,

Söyləməm uf, hər sözünlə axsa da qanım ana!

 

Kim sevər aləmdə səntək bu pərişan könlümü,

Tələtin nuranıdır, ey şahi-soltanım ana!

 

Sənətin eşqilə Bakir, gər yaratsa incilər,

Bircə sənsən daima, ən odlu dastanım, ana!

 

Əliağa  Bakir

26 fevral 1978.

 

 QƏZƏLDİR

 

Hörmətli Əzizə xanım şerin qəzəl formasına etdiyiniz hörmətə görə bu qəzəlimi Sizə ithaf edirəm.

 

Şer aləminin şöhrəti, soltanı qəzəldir.

Zövq ilə verən hər cürə mənanı qəzəldir.

 

Səslənmədədir onda zərif musiqi hər an,

Hikmətli muğam aləminin canı qəzəldir.

 

Bir odlu günəştək alışıb yandı Füzuli,

Məşhuru-cahan, onda söz ümmanı qəzəldir.

 

Verdi ona bir cövhəri-can Seyyidi-ustad,

Köksündə gülən laləsi, reyhanı qəzəldir.

 

Aləm dəyişib, dövr ötərək keçsə də illər,

Öz ellərinə sevdirən Heyranı, qəzəldir.

 

Çatdırdı böyük şöhrətə ol Vahidi-piri,

Çün eşqə onun verdiyi dərmanı qəzəldir.

 

Xanəndə onu zövq ilə, qəlbən oxuduqca,

Bir quş kimi cövlan edən hər yanı, qəzəldir.

 

Bakir bu sənət gövhərinin vurğunu olmuş,

Aləmdə onun sevgili cananı qəzəldir.

 

Əliağa  Bakir

27.11.1978.

  

ƏZİZƏ

 

Düşdün çox əcəb dillərə dastanda, Əzizə!

Hər bir əsərin ad qoyub hər yanda, Əzizə!

 

Bir vaxt Nişat baş götürüb Səlyana getdi,

Qaytardı onu, qoymadı Səlyanda, Əzizə.

 

Dövran elədi Seyyidi min dərdə giriftar

Çarəsin tapmadı ol Həzrəti-Loğman da, Əzizə.

 

Sabir kimi Səhhətdə də heç qalmadı səhhət

Təsir yox imiş bəlkə də dərmanda, Əzizə.

 

Hər əsrdə Şirvan yetirir gör neçə şair

Oldu oların varisi Şirvanda Əzizə.

 

Kənd-kənd gəzib öyrəndi o Şirvan mahalını

Çox qaldı Nabur, Kalvada, Çarhanda Əzizə.

 

Söz sərrafı qadınları dövrəsində yığdı

Min bir canı bəslədi bir canda Əzizə.

 

Şirin dilinə şiveyi-rəftarına söz yox,

Başdan ayağa baldı-nədi şanda Əzizə?

 

El yaxşı deyib: bir dua vardır hər ağızda

Yüz il yaşa bu şövkətü bu şanda Əzizə.

 

Nəsrəddin olan kəs nə qədər varsa həyatı

Vallahi unutmaz səni bir an da Əzizə!

 

Nəsrəddin Qarayev

20.05.1978.

 

ƏZİZƏ  CƏFƏRZADƏYƏ

 

Pərvanə həvəslim,

Gül nəfəslim,

Gur səslim.

Uzaq-uzaq əsrlərdən

Gələn yolçum,

Darıxmısan yenə yolçun.

Get,

Uğurlar diləyirəm.

Gördüyündən,

Bildiyindən

Danış, səni dinləyirəm.

60 illi yaşılım,

60 baharlı sərvim,

Səninlədir oğul qəlbim.

Kişi tərpənişlim,

Kişi yerişlim,

Ana ürəklim,

obalara-ellərə

Bahar gəlişlim.

Əzizəsən — əzizsən

Elimizdə sən bizim.

Ləyaqət bayrağısan

Dilimizdə sən bizim.

 

İsgəndər Etibar

23.03.1981.

 

MÜQƏDDƏSLİK

 

Əzizə Cəfərzadəyə

 

“Dünya bir güldandı”, sən onun gülü

Həcər qeyrətin var, Natəvan təbin.

Bənövşə deyilsən boynu bükülü,

Əməlin kişilik, qeyrət məktəbi.

 

Gözlərin dünyanın istək yuvası,

Elə bil səninlə əkizdir anam

Hər kəsə əzizdir doğma anası

Sizi kim yaradıb ona qurbanam.

 

Qurbanam ən acı sözünüzə mən,

Qızıma qurbanam sizə  bənzəsə

Həcər böyütmürsə sonsuzdur Vətən

Sonsuzuq qızımız ana deyilsə.

 

Bir isti nəfəsin qızdırar bizi

“Aləmdə səsin var” bilirik bunu.

Hələ nə gizlədək, bilmirik düzü,

Günəşin torpaqdan doğulduğunu.

 

Əli Mahmud

 

 ÇEŞMƏLƏR

 

Görkəmli yazıçı-alim Əzizə Cəfərzadəyə

 

Çeşmələr var tarixləri

                      ulu qədim.

İçib ondan babalarım,

                      ərənlərim.

Çeşmə də var yeri yurdu

                      bilinməyib.

Elə axıb gizli-gizli

Şair təbli nənələrin

                     həsrəti tək

Fəryadı da öz içində

Misra-misra söz içində

Daşıb axıb sirli-sirli,

Bilinməyib dadı-duzu,

                    şirinliyi

Gizli-gizli axıb gedən

                     çeşmələrim,

Naxış-naxış düyün düşən

                     ilmələrim.

Neçə yerdən oyum-oyum

                     eşmələndi.

Arzuları göz-göz olub

                      çeşmələndi.

Bu çeşmədə neçə qəlbin

                      döyüntüsü, hərarəti

Şerimizin ülviyyəti, təravəti

Bu çeşmədə selə döndü

Nəğmələnən telə döndü

                      axıb-axıb ümmanlaşdı.

Ümmanlarda öz adıyla

                      öz səsiylə ünvanlaşdı.

 

Narınc Xatun

 

AÇIQ  QAPI

 Çox hörmət etdiyim, yazıçı və böyük insane Əzizə xanım Cəfərzadəyə ithaf

 

Bir mənzil tanımışam

Bakının qucağında —

                        qapısı açıq hər an.

Neçə yol sınamışam,

Qışın oğlan çağında,

                         payız əsəndə xəzan.

Üz-üzə dayanmışam,

Heyrətə boyanmışam.

Görmədim ocağında soyuqdan əsər, nişan.

Hərarət bu sayaqda duymadım başqa kəsdə.

Üz tutub gedənlərə

Açılır qapı şəstlə —

                           sahibinin qəlbi tək.

Ona zəng edənlərə

Ünvan verir həvəslə o yorulmaz ağbirçək.

Söz qədri bilənlərə,

Sözü dirildənlərə

Elə isti nəfəslə ümid verir gülərək.

Evə dolan soyuq da əriyir o nəfəsdə.

Zəkası söz mülkümü

Təravətə bürüyür —

                            ilham verən pəridir.

Sözü tutiya kimi

Ruhumacan yeriyir, ocaqdır, sanki pirdir.

O nurani görkəmi

Əridir nisgilimi.

Arzularım törəyir —

                            o, arzumun pəridir.

Yaşasam da iraqda, örnəyimdir peyvəstə.

Ondakı yorulmazlıq

Evinə hərarətdir —

                            hopub divarlarına.

Əzmində qırılmazlıq

Ömrünə dəyanətdir —

                             axıb damarlarına.

Tamaha qapılmazlıq,

Tərifə satılmazlıq.

Qazandığı şöhrətdir —

                            yaraşır vüqarına.

Deyildir umacaqda, gözü toxdur nəfisdə.

Açıq qapılı mənzil

Neçə eldə özünə qapı açıb ərk ilə

O, quru insan deyil,

Tarix hopub gözünə —

                          hünərin var, dərk elə!

Boş sözə etməz meyl.

Məsəldir — olub qayil:

“Ya ağa ol sözünə,

ya əməli tərk elə!”

Axtarır bu soraqda.

Yaradır bu həvəsdə.

 

Malik Xəlil Ağagüloğlu

Dəvəçi,

19.03.2001.

                                       
                                        İllər əvvəl tanıdığım Ana vardı.

 

                                           İllər əvvəl tanıdığım Ana vardı.

Gülərüzlü, Şirinsözlü.

Bu ananın bu aləmdə vardı səsi,

O zamanlar çox məşhurdu

Neçə-neçə hekayəsi.

İllər əvvəl tanıdığım Ana vardı

Düşündükcə bu günləri,

Sətir altı günümüzü anlatsa da hər əsəri,

Keçmişlərdən o yazardı.

Sevilərdi,oxunardı o sehirli qələmiylə

Məmləkətin neçə dərdin söyləyərdi,

Neçə dərdə toxunardı..

İllər əvvəl tanıdığım Ana vardı,

Tarixlərə daşıyardı ustalıqla

O gündəki xəbərləri..

Ananın bir oğlu vardı-Şah əsəri.

Yola çıxıb qəlbimdəki

Bir şey bilmək həvəsindən,

Qaçarkən mən o günlərdə

Kürdəmirin atəş dolu nəfəsindən

Yaxalandım bu dəfə də

Bakının tərs küləyinə.

O günlərçün ancaq yenə

Gözəl şeylər yazılıbmış taleyimə.

Necə oldu,anlamadım,

Bir də baxdım, Qara oğlan

Açıb girib ürəyimə.

İllər əvvəl tanıdığım Ana vardı,

“Mənə nə var?” deməzdi heç.

Məmləkətdə olan bitən hər bir şeydən

Ona vardı.

Çalışardı, Çalışmaqdan yorulmazdı,

Yaşadığı,yazdıqları

Bu illərə heç sığmazdı,

Bir ömürə səksən nə ki?

Yüz olsa da yenə azdı.

İllər əvvəl tanıdığım Ana vardı,

 

Hər kəs kimi bu dünyanın qonağıydı,

Gedər qonaq,

O da getdi.

Getdi,ancaq gedəndə də içimizə

Sevgi yazdı.

                                                     Şahin Əmrahov

                                                      Sentyabr,2003