Əvvəlki səhifəyə qayıtmaq üçün        

                              

 Bir dostluğun tarixçəsi

Qarşıma səliqəylə saxlanmış şəkillər düzülüb. Birində əfsanəvi marşal Rokossovskinin böyrünə qısılmış, bir başqasında zamanın keçmiş SSRİ miqyasında tanınmış ziyalıları, maarif işçiləri və başqaları ilə ən ön sıralarda, fəxri yerlərdə əyləşmiş utancaq, sadə görkəmiylə yalnız və yalnız müəllimə olduğu anlaşılan bir gənc xanım əyləşib. Bu nəcib, zərif görkəmiylə diqqət cəlb eləyən incəcik xanım 1972-ci ildə əməkdar müəllim adını almış Şəfiqə xanım Məhərrəmovadır. Deyə bilərsiniz, noolsun, o qədər belə adlı-sanlı müəllimlərimiz olub da, var da! Amma bilirsiniz, Şəfiqə xanım harda alıb bu adı? Din içində din bəslədiyi Ermənistanda! O zamanlar bir azəri türk qızı zahiri "dost", batini qatil düşmən olanların içində necə çalışmalıydın, necə əməksevərliyilə seçilməliydin ki, bu "kirvələr" səni təsdiq edə, sənə ad verə? Mərhəba sənə, Şəfiqə xanım!

Oxucum, təəccüb eləmə ki, bu hadisədən danışmağı indiki ağır günlərimizdə vacib bilmişəm. Səbəbi var. İndi süsləşməyə başlamış həsrətini çəkdiyimiz təmənnasız dostluq, indi paklığını bir xəyal kimi arzuladığımız məktəb-müəllim-şagird-tələbə münasibətləri... və daha çox başqa bir sıra məsələlər barədə yazacağımla əlaqəlidir.

Bu gün üçün çox vacib olan mövzuya qayıtmazdan əvvəl deməliyəm ki, günlərin birində Şəfiqə müəllimə məni maraqlı bir görüşçün evinə dəvət elədi. Şəfiqə xanımın qonağı bir vaxtlar müəlliməsi olmuş Şölə xanım - Şölə müəlliməydi. Təxminən yaşıd üç maarif fədaisi... Ömrünü sinfə, auditoriyaya, şagird-tələbə yetişdirməyə, millətin gələcəyini tərbiyələndirməyə həsr etmiş üç ixtiyar qadın qucaqlaşdı. Uzun illərdən, həm də son on-on iki ildəki keşməkeşli illərdən çıxmış üç müəllimə - qadın - ANA xatirələrə dalmışdı...

Oxucum, qoy, onlar xatirələrini təzələməkdə olsunlar, mən də sizə vaxtilə doğma Gümrüdə, ermənilərin Leninakan adlandırdığı bölgənin oğuz yurdu Güllücə, Oxçuoğlu, Ağüzüm... kimi adları qədər özü də dadlı və gözəl Qərbi torpaqlarımızdan didərgin salınmışlarımızla nə zaman, hansı şəraitdə tanış olduğumdan danışım. Geriyə, ötən yüzilliyin altmışıncı illərinin lap əvvəlinə qayıdıram, bağışla məni.

Qardaşım, filologiya elmləri doktoru Əhməd Cəfərzadə hələ gənc yaşlarında (1950) "xalq düşməni" kimi həbs edilib, Qorki vilayətinin "Suxobezvodnı" adlandırılan, adı quru yer olsa da, həmişə dizəcən palçıq içindəki düşərgəyə salınmışdı. Qardaşım orada dünyanın tanınmış alimlərindən professorlar, akademiklər - Xaraxoz, Şeyman, Ataquzi və onlarla başqa siyasi məhbuslarla birlikdə Əsəd kişi adında sadə bir insanla da tanış olmuş, acı illəri birlikdə keçirmişdi. Əsəd kişi müharibədə əsir düşdüyü üçün bura salınmışdı, rus dilini bilməyən sadə kəndliydi. Əhmədi ağır ağac baltalamaq kimi işlərdən qoruyur, balası kimi şaxtadan, çətinliklərdən müdafiə edir, Əhməd də onun məktublarını yazır, məmurlar qarşısında rusca bildiyindən yaşlı, günahsız kişinin hüququnu mühafizə edirdi. Dost kimi, qardaş kimi, ata-oğul kimi ayrılmışdılar bəraət alanda. Əhməd Bakıya, Əsəd kişi yuxarıda adını çəkdiyim Oxçuoğlu kəndinə getmişdi. Amma bədbəxt taleyin birləşdirdiyi o adamlar bir-birini unutmur, yazışır, imkan düşəndə görüşürdülər. Bunların içərisində o sadə kəndli Əsəd kişinin xüsusi yeri vardı. Bakıya, o zaman qardaşımın yaşadığı Uduluya gəlir, Əhmədi də evinə dəvət edirdi.

Günlərin birində qardaşım maşın yoxluğundan şikayətləndi: "Utanıram, - dedi - kişi neçə dəfə gəlib, məndən haqlı olaraq gileylidir". Təsadüfən söhbətin şahidi olan ömür yoldaşım təyyarəçi Məmməd İbrahimov söz verdi və Əhmədin xatirinə məzuniyyət götürüb bizi Ermənistanın o zaman Leninakan adlanan Gümrü bölgəsindəki Oxçuoğluna apardı. Mənim də əlimə girəvə düşdü. Çoxdankı bir arzuma çatdım, "Qarapapaq tayfası" folkloruyla tanış olmaq istəyilə onlara qoşuldum.

Bizi o yerlərdə olduqca əziz mehman kimi qarşıladılar. Gündə bir evə qonaq apardılar. Mənim arzumla ətraf kəndləri gəzdik. Oxçuoğlu ətrafında, əfsanəvi Arpaçayın o tay - bu tayındakı kəndləri gəzdikcə qələm-dəftər əlimdən düşmürdü: Oxçuoğlu, Güllübulaq, Qızılbaş, Cümrü, Qaraməmməd... Əfsanələri yazırdım: Oxçuoğlu haqqında, Arpaçayının apardığı Saray xanım - Saray gəlin haqqında... Bayatıları, nanayları, tapmacaları, atalar sözü və məsəlləri, rəvayətləri qeydə alırdım. Ağüzümlü 124 yaşlı Şma nənənin hafizəsinə heyran oldum. Onu da deyim ki, Bakıya dönəndən sonra topladığım materiallar əsasında bir neçə məqalə və gözəl şairəmiz Xurşidbanu Natəvanın həyatıyla bağlı, həm də Şma nənənin ədəbi surətini qələmə alaraq "Qarapapaq qəbiləsinin qızı" adlı hekayə yazdım. Orada da bol-bol bu tayfanın toy - büsatıyla bağlı nanaylardan istifadə etdim.

Məsələ bundadır ki, folklor toplamaq öz yerində, hansı ölkəyə, hansı məmləkətə getsəm, ziyarət yerim, əlbəttə, birinci orta, sonrasa ali məktəb olur. Axı pedaqoji fəaliyyətə orta məktəbdən başlamışam. Əsəd kişi indi çoxdan rəhmətə getsə də, hələ də qardaşımı əmi, məni bibi adlandıran övladlarından xahiş etdim ki, məni məktəbə aparsınlar. O zaman Oxçuoğlunda orta məktəbin direktoru Məmmədəli Məhərrəmov idi. Bax, əzizim Şəfiqə xanımın ailəsilə tanışlığım elə oradan başlanır. Məmmədəli müəllim "böyük Ermənistan" xəyalilə İrəvandan türkləri müxtəlif bəhanələrlə qovub çıxaran, başqa millətlərdən, xüsusilə bizdən "təmizlənmiş" İrəvan yaratmağa başlayan erməni faşistlərinin damla-damla millətimizin qanına yeritdiyi zəhəri, əlaltı çəkdirdikləri əzabları öz şəxsi həyatında dadmış, bu əzablara sinə gərmiş ziyalıydı. Təhsilini belə doğma yurdunda almağa qoymamışdılar, orada institutu bitirə bilməmişdi. Amma yenə də Bakıda təhsilini bitirən kimi doğmaca kəndinə qayıtmış, din içində din bəsləyərək, gənc nəslə tərbiyə vermək işini əlinə almışdı. O çalışırdı ki, millətin balaları lazımınca savad alsın, vətəni sevsinlər. İnsanlığa məhəbbət hissi aşılayırdı oradakı balalarımıza. Əlaltı, zahirdə görünməyən təqiblərə baxmayaraq, öz insanlıq siyasətini yürüdürdü. Düşməni tanısa da, puç mənəviyyatına bələd olsa da qayğıkeş ömür yoldaşı, cəmiyyətimizçün layiqli yeddi övlad böyütmüş pedaqoq-ata, insanlara pak niyyət, təmiz əməllə xidmət edən müəllim, həm də kənd təsərrüfatına dərindən bələd olmasıyla, bacarığı, əməksevərliyi sayəsində sonralar kolxoz sədri işləyəndə adı qabaqcıllar sırasında çəkilirdi.

Məktəblə tanışlığım məni Məmmədəli müəllimin sədaqətli ömür yoldaşı, balalarının gözəl anası Şəfiqə müəllimə ilə tanışlığıma, yaxınlaşmağıma da səbəb oldu. Tanışlığımızın yaxınlığa, doğmalığa çevrilməsinin isə iki səbəbi vardı...

Şəfiqə müəllimə folklor xəzinəsidir. Mən əvvəllər bu "folklor xəzinəsi" sözünü həmişə təkcə anamın adıyla bağlayardım. Torpağı sanı yaşasın Şəfiqə xanım! Tayfasının, Qarapapaq qəbiləsinin bütün adət-ənənələrini, bayatılarını, nanaylarını, bütün başqa folklor nümunələrini sinəsinə qatlayıb çin-çin. Yaxın-uzaq qohum-əqrəbanın, tanış-bilişin şənliklərinə də bu nümunələrin təsirilə özü qoşduğu nəzm parçalarını hədiyyə verir. Onun sinədəftərliyindən bəhrələnib Qarapapaq qəbiləsinin folklor nümunələrindən nə qədər yazıya almışamsa, elə o qədər də təşəkkür etmişəm.

Şəfiqə xanım indi yaşının nəvə-nəticə toyu eləyən çağında olsa da ərinmir, ayağa durub o yerlərdə millətimizin zəngin rəqs havalarını, xüsusilə aşiqi olduğu "Yallı"nın neçə növünü göstərir, ilahi! Rəqqasların yeri məlum, çox şey öyrənərdilər bu müdrik nənədən...

Şəfiqə xanım çoxuşaqlı ANA - sözün əsl mənasında sevən, tərbiyə verən ana-müəllimədir. Zarafat deyil, dörd oğul, üç qız... Həm də necə? Hamısı ali təhsilli alimlər, həkimlər, mühəndislər, ictimai xadimlər... Elm və mədəniyyətimizin, ictimai həyatımızın bütün sahələrində ən öndə gedən övladlar yetirib bu müdrik ana.

Necə də haqlı, qanuni iftixarla danışır balalarından: "Fəridəm kimyaçı, Əbilim professor, akademiyanın müxbir üzvü, Adilim auditor, Alidəm kimyaçı - müəllim, Məhərrəmim Prezident Aparatında ekspert, Ramellam bacıları kimi kimyaçı, sonbeşik Raufumsa hüquqşünasdır".

Hər birində bir Məmmədəli müəllim, hər birində bir Şəfiqə xanımın həyatının davamı yaşayır.

Atalar sözüdür, "Ot kökü üstündə bitər", Şəfiqə xanım! Səkinə xanım kimi nənənin elə sənin kimi də insanlığı, faydalı həyat yolu keçən, gərəkli evladlar böyüdən nəvəsi olar. 1918-də vurhavurdan istifadə edən, doluşdu Səkinə xanımın İrəvandakı ondan çox mülkünə. Atan o satqınların əlinə dəstavüz verməməkçün sənətini, ticarətini, Səkinə xanım soyadını dəyişməyə məcbur oldu. Atalar sözü ya məsəli işlətmədən keçinə bilmirəm, Şəfiqə xanım! "Bu arxa bir su gəlib, ümid var bir də gələ" deyib ulularımız.

Əfşarlar nəslinin adlı-sanlı nümayəndəsi Afşarov Məşədi Ələsgər Hüseyn oğlunun, mülkədar Hacı Mehdi ağanın qızı Hacı Səkinə xanımın arxına yenidən su gəldi. Şəfiqə xanım kimi ANA - müəllim, övladları kimi millət üçün yeddi ziyalı ulduz yetişdi. Erməninin çırağı sönsün, söndürə bilməzdi haqdan yanan çırağı...

Ehhh... Ay mənim əziz oxucum, sənə maraqlı bir görüşdən, ləzzətli süfrədən danışacaqdım. Gör bir hardan başladım, hara getdim. Doğru deyiblər ki, "Aşıq ağzı el ağzıdı, kərə də çağırar, kürə də". Elə yazıçı da aşıq kimi elin ağzıdı, lazım gələndə deyilməli sözü desin gərək. Qərəz. Keçək qonaqlıq əhvalatına. Oxçuoğludan tanıdığım, ləziz süfrəsinin qonağı olduğum Şəfiqə müəllimi düz qırx il idi ki, görməmişdim, heç o gözəl yaylaqlarımızdan Bakımızın aranına endiyini də bilməmişdim. Birdən o vəfalı xanım, dost axtarıb görüşə dəvət etdi məni. Telefonda "Gəl - dedi - özüm də gələrdim, gələcəyəm də. Amma indi burda səni bir maraqlı görüş gözləyir".

Maraqlı görüşdə, doğrudan da ummadığım hadisə baş verdi. Sən demə, bir zamanlar tanıdığım, balalarıyla hətta yaxınlığım da olmuş Şölə müəlliməymiş ikinci qonaq. Və... bu Şölə müəllimə Şəfiqə xanımın müəllimi olub, dərs deyib gəncliyində ona. Üç müəllim, üç ANA, üç qədim dost görüşürdü bu açıq süfrə başında. Üçümüz də o ilk gənclik illərindəki "tanışlığın" izlərini axtarırdıq bu indi səksəni keçmiş, səksənə çatmaqda olan nənələrin simasında. Axtar tapa bildikcən! Deyəsən, təkcə gözlər və bir az da səs qalmışdı yadigar o illərdən. Yoox, səhv elədim, döyünən, sevən, sədaqətli ürəklər çırpınırdı indi bu ixtiyarlaşmış sinələrin altında!

Şəfiqə ananın süfrəsində o dövrü, o doğma yurd yerlərini xatırladan nə vardı? Çox şey (Allah daha da bol eləsin), təkcə "asma sucuğun" adını çəksəm bəs elər. Amma inan ki, bir-birimizin sözünü kəsə-kəsə, əlavələr edə-edə o ilk tanışlıq, gənclik illərini xatırlayır, nə və necə yediyimizin fərqinə varmırdıq. Üzümüzdəki qırışlar o ötən ağrılı-acılı illərin açdığı cığırlardı. Balalar böyütmüşdük millət üçün, şagirdlər, tələbələr tərbiyə etmişdik Vətən üçün. Qara Yanvar günlərini yaşamışdıq, keşməkeşli xəyanət, itkin torpaq dövrlərini yaşamışdıq. Amma sanki münasibətimizə, xüsusilə Şəfiqə müəllimin dostluq, sədaqət, vəfa duyğularına xələl gəlməmişdi. Arayıb dostlarını, eləcə mənim kimi 50-60 il öncə ayrıldığı müəlliməsi Şölə xanımı da məhz o axtarıb tapmış, bu unudulmaz görüş anını o yaşatmışdı üçümüzə də.

Təşəkkür azdır, Şəfiqə xanım! İstərdim ki, analarımız sənin kimi ANA, müəllimlərimiz sənin kimi "tikəsiz dost", xanımlarımız sənin kimi baş yoldaşına və dostluğa sədaqətli olsunlar!

   «Bizim Əsr» qazeti