Əvvəlki səhifəyə qayıtmaq üçün                

                                                

 
Əzizə CƏFƏRZADƏ:
                                           Fəryadım mənim
 
Bu günlərdə "Göylərdən yerə enmək lazımdır, Əzizə", - dedi mənə bir dostum.
Endim sanki, qələmimdən bunlar süzüldü:
 
yazı I
 
Azərbaycan türk qadını! Sənə ehtiramımı bilirsən. Bu gün də məqsədim səni müdafiə etmək deyil. Sən onsuz da bütün həyatın, tarixin boyu öz əməllərinlə özünə qəhrəmanlıq tarixi yazmısan. Bu gün də elədir. Sabah da elə olacaq. Sən, Azəri türk qadını, bir şüar altında yaşamısan: "Üzük qaşıyla tanınar". Etdiyin igidlikləri də atanın, qardaşının, ərinin, oğlunun ünvanına çıxmısan. Dünən eləydi, bu gün də elədir, sabah da elə olacaq. Sən namuslu qız olmusan atana. Onu alçaldıcı, biqeyrətedici hərəkətə yol verməmisən. Namus əsiri olmusan. Sən sevən bacı olmusan qardaşına. ANA yeri vermisən: "ölsə, bacılar ölsün, heç deməsin "vay qardaş"" söyləmisən. Sən vəfalı ömür-gün yoldaşı, ərin şərəfini qoruyan sədaqətli baş yoldaşı olmusan. Gərək olanda da ərinin cəbhələrdə yerini tutmuş, vətən torpaqlarını qılıncla qorumusan, Tuti bikə kimi, Bibixanım Sultanım kimi. Sən 9 ay bətnində, iki il qucağında bəslədiyin, döşlərindən həyat əmizdirdiyin övladlarının qurbanı ANA olmusan.
 
Onda da eləydi, indi də, gələcəkdə də elə olacaq. Sənə afərinlər olsun. Sən qorumusan milli dilimizi evlərdə, elə indi də, güney bacıların kimi. Sən qorumusan milli adət və ənənlərimizi, mənliyimizi təsdiq edən nə varsa, sən qorumusan. Yadelliyə, yaddinliyə, yaddilliyə könül verməmisən. Millətin milli şərəfini qorumusan. Afərinlər olsun sənə.
 
Səni başqa xalqların qadınlarından seçən əməllərin (axı heç bir millətin yüzdən yuxarı şairə, aşıq, bayatçı qadını olmayıb!!!), boyasız, riyasız siman, misilsiz gözəlliyin, təmizkarlığın, bəd əməllərə (cəmiyyət içində siqaret fısqırdıb, şərab içmək kimi) yol verməmisən. Həmişə məqsədin ərinə sədaqət, balalarına son nəfəsinəcən ürək bəxş edən ANA olmaqla, cəmiyyət, millət üçün ləyaqətli övladlar tərbiyə etmək olub. II Dünya savaşında dəhşətli ağırlıqları çiyinlərində daşımısan. Həlal olsun sənə VƏTƏNİN suyu, çörəyi. Halal olsun sənə şair oğul və qızlarının səcdəli şerləri. Bunlar seçib səni başqa millətin qadınlarından.
 
Amma indi, bu gün bəs hardasan, ana? Hardasan, nəylə məşğulsan, Azəri türk qadını? Qılınc qurşayan, qalxan götürən Güləndam xanım, Mehrican xatun? Bacıların, ölümüz Cəfər Cabbarlı demişkən, küçədədir, qəmbərlik üstədir. Günəş başını deşir, yağış isladır, külək qovurur. Çarpışır, axşam evə bir parça çörək aparmaq, balalarını - sizin nəsli böyütmək üçün. Qılınc nədir, qalxan nədir? Ac qılınca çırpır özünü. Hardasan, ruhun haralarda pərvaz eləyir, igid oğul anası, hökmdar Uzun Həsən səfiri, Şərq dünyasında, deyəsən, elə bütün dünyada ilk diplomat, ilk elçi nənəmiz, anamız Sara xatun? Nəvələrindən xəbərin varmı? Göylərdə, o müqəddəs ruhlar məkanında ulu Göy Tanrı qulluğunda dərdlərimizi söyləyib, razü-niyazımızı bildirib şəfaətçi səfirimizsənmi? İllər uzunu Naxçıvanı yağılardan xilas etməkçün Əlincə qalasında buludların su əmən Məhəmməd Cahan pəhlivanının qızı, Qızıl Arslanın qardaşı balası Cəlaliyyə xatun, xəbərin varmı ki, sərkərdəlik edib düşmənə qarşı qəhrəmanlıqla çarpışan soydaşın naxçıvanlılar erməni dığalarının əlində, az qala, sərgərdandılar? Aman istəmirlər, işıqsız, yanacaqsız, çörəksiz də qalsalar, mühasirədə can çəksələr də, təslim bayrağı qaldırmırlar. Göylərdən uca Tanrıdan diləyirlər yardımı.
 
Səfəvi xanədanının taxt-tacını oğulları, xüsusilə, Şah Abbas üçün qorumaq yolunda qanlar tökən yadellilərə qan udduran Xeyrənisa bəyimə, hardasan? Hardasan, Tutu Bikə? Gərəkli olanda, vətən - ölkəniz Dəmir qapı Dərbənd təhlükədə olanda, hiylələrə aldanmadın, doğma qardaşına belə qarşı çıxdın; ərin - möhtəşəm Fətəli xan gəlincə vuruşdun, sərkərdə kimi. Düşmənə bircə qarış da torpaq verməyən Dərbəndin ər oğullarının önündə çarpışan Tuti Bikə! Çörək avarası bacıların, tacir libası geyib, soraqları Urumçidən, İstambuldan, Kuala-Lumpurdan gəlir.
 
Hardasan, Bibixanım Sultanım? Şirvanşah şahzadəsi, Bakı sərkərdəsi Qazı bəyin ömür dostu? Şah İsmayıl kimi möhtəşəm sərkərdəyə meydan oxuyan: üç gün, üç gecə İçərişəhərin qala divarları üstündə, qeyrətli Bakı oğullarıyla birlikdə, əlində yalın qılınc doğma yurdu qoruyan, ərinin cəng paltarını geyib, qarğı hörüklərini dəbilqədə gizlədib əsləhə qurşanan igid, cəsur, adı dastanlara düşmüş Sultanım! Bakının üzü nurlu analarının əlini zənbil qulpu doğrayıb, bellərini ağır kisələr yağır eləyib.
 
Hardasan, nəylə məşğulsan, rübailəri böyük Ömər Xəyyamla müqayisə edilən, səsi şerpərəstlər dünyasını fəth edən, Məhsəti gözəlim? Ürəklər fatehi Məhsətim mənim; qadın taleyini rübailərinin fəlsəfi çalarları içində gizləyən şairəm. Gəncə xətibinə:
 
Haqqımı əlimdən şəriət aldı,
Hüquqsuz elədi, bu günə saldı,
Qırıldı bülbüllər, boş qaldı bağlar
Yurdu sənin kimi sarlara qaldı, -
 
deyən məğrur, zamanın əzici mühitinə qarşı mərdanəliklə sinə gərən Məshəti, sağ olsaydın, qız-gəlinlərin halını görsəydin, indi nə yazacaqdın?
Ağır anda, millətin taleyi həll olunanda qələmini qılınca çevirən, odlu silaha sarılan, Nasirəddin kimi şahlara boyun əyməyib, Rüstəməylə, Zeynəb paşayla birlikdə İran binəsiblərinə başçılıq edən qəhrəman sərkərdə, üç dildə şer yazan şairə, Quranı tələbələr qarşısınla şərh və təfsir edən alim Tahirə Qürrətüneyn! Adı deyil, kölgəsi belə çoxlarını lərzəyə salan, onlarca ad altında evini, valideynini, balalarını belə millətin azadlığı uğrunda qurban verdin. Bəs biz niyə sənə bənzəmirik?
 
Hardasan, heykəli nankorlar əlində güllə yaraları almış, xeyirxah əməllərilə aclara çörək, yalavaclara geyim, su yanğısıyla qovrulanlara, yağı da olsa, su verən: təkcə öz türk Köçəri məhəlləsinə deyil, xain ermənilərin məhəlləsinə belə həyat mənbəyi su çəkdirən anamız Xurşudbanu Natəvan xanım? Hardasan, Xan qızı, yetim-yesir anası, el dərdinə yanan, kasıb oğullara bazarlıq edir, yoxsul qızlara cehiz verirdin. Bilirsənmi ki, vətənin dardadır, torpaqların murdar kafir tapdağına çevrilib, heykəlini (elə soydaşın Bülbülün, Üzeyir bəyin də heykəlini) erməni rəzilləri güllələyiblər. Gəl indi gör vətinini, soydaşlarını. Yaylaq Qarabağın oğul-qızları aranda, çadır düşərgələrində minbir bəla, əzab çəkirlər. Torpağımızın üstündə, xüsusən, altındakı sərvətlərimizi sümürmək eşqilə bizə "humanitar yardım" gətirənlərə əl açır qarabağlıların. 1750-52-ci illərdə ulu baban Pənah xanın bina etdirdiyi, pul kəsdirdiyi Pənahabad ermənilərinmiş, bilirsənmi, eşitmisənmi? Gəl, gəl yenə acları doyur, yalavacları donat, atəşdən yananlara su ver! Qarabağ bülbüllərinin səsi ucalsın, qız-gəlinin üzündən "qaçqın, köçkün" kədəri silinsin, çadır şəhərləri məhv olsun. Bibin Şahbanu, cənnət saraylarda deyil, vətən, Qarabağ həsrətilə yanan
 
"Əzizinəm Qarabağ,
Qara salxım, qara bağ
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ."
 
deyərək, inləsə də, Böyük Britaniya kimi dövlətin elçilərini qəbul etməyə qabil olmuş, şirin, duzlu türkcə-farsca düzən bibin, Ağabacı - Ağabəyim ağanı da, xarı-bülbülləri susmuş, xar olmuş Şuşanın fəryadına çağır. Həm əsrin, həm məclisin milləti təriqətlərə bölənlərin əlindən təzədən atəşpərəst babalara "dönmək" istəyən, saqilərə üz tutub:
 
Gəl, ey saqi, ey zülfü çin-çin mələk!
Mənə din yolunda özün kömək ol.
Mənə badə ver, şövq ilə eylə məst,
Dübarə olum bəlkə atəşpərəst.
 
-deyən Fatma xanım Kəminə sərdar oğlanlarıyla birlikdə imdada gəlsin. Nəylə məşğulsunuz, cəhalətin, xurafatın bağrından öz bacılarını qoparmaq eşqilə maarifpərvər cərgəsində yer tutan Gövhər xanım Şövqiyyə, Hənifə xanım Zərdabi, Şəfiqə xanım Əfəndizadə? Ruhunuz xəbərdardımı, uca göylər məkanından yerə nəzər salırsınızmı? Xəbəriniz varmı millətin gələcəyini doğub böyüdən bacılarınızdan? Min əzəbla əldə etdiyi meyvəni, tərəvəzi polislər təpiyi ilə əzilən, çiyinlərinə "dubinka" enən, bununla belə, evdə ac, tənha qoyduqları millətin gələcəyi balalarına ruzi aparmaq avarası, vaxtilə bazar yolu tanımayan üzü nurlu gəlinlərin küləkdən, yağışdan, xəzridən paxır misə dönmüş üzlərini görürsünüzmü? Qan ağlayırsınızmı? Dünyanın ticarət mərkəzlərində ticarətə qurşanmış ağlı-qaralı sorağı gələn "tacir" xanımlardan xəbərdarsınızmı? Min əzabla, yollar yorğunu, üzü üzlər görə-görə, rüşvətlə soyanlardan yaxa qurtara-qurtara evə bir parça ruzi gətirənlərin fərydını eşidirsinizmi?
 
Bəzi "kişi" və arvadların "canlı mal" alveriylə məşğul olub, Azərbaycan qulağının yalnız Avropa filmlərindən, romanlarından eşitdiyi "sutenyorlardan" necə? Bilirsinizmi ki, vaxtilə tramvayda, avtobusda bekar qala biləcəyi dayanacaqlarda belə kitab oxuyan, dünyada ən çox oxuyan millət kimi tanınmış gənc qızlarımızın səsi barlardan, kazinolardan, qumarxanalardan, xarici ölkələrin "filanxanalarından" gəlir?
 
Necə dözür ruhunuz? Anamız, nənəmiz, fəxrimiz Mehrican, Tahirə, Sara xatun, Natəvan?.. Ruhunuz yerə enmir yoxsa? Ruhunuz yerə enib bu rəzalətləri görəndə ağlayır yoxsa? Göyün dərinliklərinə çəkilirsiniz yoxsa? Görməməkçün... Üzülməməkçün... Üzümüzə çəkilən üz qarasını silə bilmədiyinizçündürmü bu? İtən qeyrətimizə, tapdalanan namusumuza ağımı deyirsiniz yoxsa?
 
1975-ci ildə Yuqoslaviyaya getmişdim. Orada, deyəsən, Kiş şəhərində bizə bir abidə göstərdilər. Kəllə-minarə. Hər il dərs başlananda məktəbliləri bura gətirib ziyarət etdirir və deyirlər: sizin, vətənin azadlığı uğrunda qurban gedənlərin başlarıdır bu kəllələr. Onlara layiq olun.
 
Biz neynirik? Hansı bəy-gəlin Füzuli meydanında Leyli və Məcnunun, "Şəhidlər xiyabanı"nda İlham və Fərizənin abidəsi qarşısında toy axşamı gedib məhəbbət, sədaqət andı içib?
 
İyirmi faizi əldən getmiş Vətən müharibə, öc, intiqam meydanına çevrilməliykən harın bəylər, müasir xanlar, min fırıldaqla ordudan yayındırdığı "əziz-xəlifiyçün" rəqqasəli toy tərtib edir, çadır şəhərlər əzab içində inlərkən, kaşanələr tikdirirlər - bilirsinizmi? Yoxsa siz də, bizi yaradan xudavəndi-aləmtək göz yummusuz? Bu millətin ərən ata-babaları bir yanda qalıb, qadınlardaymış ana qeyrəti!
 
Fəryadımızı Rəfrəflə, Buraqla qalxıb, göyün doqquzuncu qatında o ulu, o əlinin üstündə əl olmayan Xaliqimizə Rəsuli-Xuda çatdıra bəlkə. Bəlkə kor gözlər açıla - görə, kar qulaqlar açıla - eşidə fəryadımızı. Ulu Füzuli babamız demiş:
 
Olsaydı məndəki qəm fərhidi-bibəladə
Bir ah ilə erərdi min bisitunu badə.
Versəydi ahi Məcnun fəryadımın sədasın
Quşmu qərar tutardı başındakı yuvadə?
 

Qızıyla gəlini bilinməyən...

 yazı II

 Bu yaxınlarda "İmpuls" qəzetində möhtərəm ədibimiz, ustad Qılman İlkinin "Həya" adlı bir məqaləsini oxudum. Bir neçə gündən bəri məni çox əsəbiləşdirmiş bir hadisəyə cavabdı sanki. Qılman müəllim elə bir ürək ağrısıyla yazır, pozulmaqda olan əxlaqımız, itirilməkdə olan adət və ənənələrimizdən elə bir can yanğısıyla danışırdı ki, məni də öz dərdlərimi, düşüncələrimi yazmağa vadar etdi. "Həya"da nədən danışılırdı? Qız-gəlinlərimizin geyimindən, bəzək-       düzəyindən...  İstəyirəm biləsiniz ki, mən heç də müasir adlanan həyatdan geri qalmamışam. Vaxtilə bizdə olmayan bəzək əşyalarını xarici ölkələrə səfərimdə qız və gəlinlərimizçün alıb gətirər və təəssüflənərdim ki, neyçün bizdə belə şeylər yoxdur. Bizim yaşıdlarımız bəzəyin nə olduğunu bilməyiblər. Bəzək-düzək bizlər üçün, vaxtilə pioner, komsomol, partiyaçı həyatı keçirənlərçün meşşanlıq əlaməti hesab olunmuşdur. Ən sadə geyim və heç bir ənlik-kirşan üzümüzü görməyib. Halbuki, qədimlərimiz gəlinlərin, xanımların bəzəyinə yüksək qiymət verib: "Bəzək gəlinə gəlib" deyiblər. Nənə və analarımız bir çox bəzək şeylərindən istifadə ediblər: ənlik, kirşan, vəsmə, sürmə, rasıx, xına, basma... Ətir tapmayanda mixəyi süddə isladıb mirvari kimi sapa düzüb, boyunlarından asmış, qollarına, biləklərinə dolamış, köynəyin altından yaxalarında gizlətmiş, uzaq ellərdən tacirlər müşk, əmbər gətirmişlər. Xanımlar gözəl ətir gəlsin deyə, ağızlarına hil, mixək atıb çeynəmişlər. Bu atributlar şerə, musiqiyə çevrilmiş, o sürməli gözləri, lalə yanaqları, bal-qaymaq dodaqları... nələri tərənnüm etmiş aşıq və şairlərimiz.

Qadın geyiminə də xüsusi diqqət yetirilmiş: uzaq Hindistanın Beneres şəhərində "bənarə" örpəklər, Türkiyə və Ərəb ölkələrində tirmə şal, Şirvanın, Şəkinin ipəyindən dərayıtar, atlaslar, qanovuzlar... saymaqla qurtarmaz. Nəzərimcə, ilk aşiq olan zərgərlərimiz gəlin gözəlliyini bir az da artırmaqçün məhəbbəti sırğaya çevirib, gözəlin qulaqlarından, qolbağa, bilərziyə döndərib qollarından, sinəbənd, silsilə, boğazaltı, boyunbağı edib boynundan asmış, kəsmə kəmər olub belinə dolamış, nişan, sədaqət rəmzi üzük kimi barmaqlarını bəzəmişlər. Amma kim, harda və necə? Fikir verdinizsə, mən bəzəkdən bəhs edəndə qız adı çəkmədim, qadın dedim, gəlin dedim. Çünki qızla gəlin arasında bir keçid dövrü olub - nişan dövrü - "qız idim, soltan idim, adaxlandım, xan oldum". Aşıqlar da gəlin bəzəyini, gəlin geyimini tərənnüm etmişlər. Qız elə ilahidən gözəldir, qız üzü toy gecəsinəcən əl görməməlidir. Üzü, qaşı yalnız toya hazırlıq qarşısında alına bilərdi. Qız üzü "əl görəndən sonra" atasına, qardaşına, nəslin qadınlı-kişili böyüklərinə görünməz, həya edər, utanardı. İndi nəinki tələbə qızlar, hətta yuxarı sinif şagirdlərinin bəzisi üzlərinə o qədər boya sürtürlər ki, gərək əskənəylə sıyırasan ki, əsl sifətinin rəngini biləsən. Deyəsən, unudulmaz Cəfər Cabbarlı deyib ki, boyalı dodaqlardan öpmək, rənglənmiş divarı öpmək kimi bir şeydir. Ancaq qaraya, azacıq qırmızıya, azca da ağa "kömək etmək" olar, yalnız bu zaman əsil gözəllik pozulmaz.

Geyimlər də dəhşət doğurur. Burada, ümumiyyətlə, bəzi hallarda həya deyilən anlayışdan əsər-əlamət qalmır. Yenə də C.Cabbarlının "Almas"da Kərbəlayi Fatmasının diliylə dediyi kimi, bəzi "mini"lər lap "yaxa göbəkdən aşağı, balaq göbəkdən yuxarıdır". Ona baxanda, yenə də şalvara min şükür. Doğrudur, ana və nənələrimiz də ikibalaq tuman, çax-çur, şalvar geymişlər, bu fərqlə ki, üstündən tuman-yubka da geymişlər. Küləkli Bakı iqlimində bu, yerində olub. Güneyli bacılarımızın da geyimində şalvar və yubka mühüm yer tutub. Amma indinin şalvarları necədir? Fransız filmində deyildiyi kimi, belə şalvarı geyməkçün ata, ana, qulluqçu, mən və kartof ununun köməyi olmadan keçinmək mümkün deyil. Şalvarlar xanım qızların əndamına elə suvanır ki, batan-qabaran əzələləri bircə-bircə sayılır və ağzısulu, şorgöz cahılların gözlərinə baxanda adam həmin qızın-gəlinin yerinə əriyir, həyadan ət tökür. Az qala istəyirsən ki, beləsinin qolundan tutub soruşasan: sən kimsən, hansı millətdənsən, sənə kim tərbiyə verib, ay göbəyini, bel-buxununu açıqda qoyan xanım? Belə geyim hindlinin əsrlərdən qalma milli geyimidir. Heç onlar, o təqlid elədiyin millətlər sənin bir adətini, geyimini, bəzəyini, adını qəbul edərmi? Həya, utanc deyilən anlayışdan xəbərin varmı?

Bu, məhəbbət deyil, it-pişik əxlaqıdır. Yalnız pişik öz cinsi həyatını açıqda qoyur, bəs sən? Axı insanın öz şəxsi müqəddəs hisslərini nümayiş etdirməsi nəyə yarar? Məgər sən bilmirsən ki, səni öz ömür yoldaşı, gələcək uşaqlarının anası görmək istəyən gənc səni meydanda - arvad-uşağın, qoca-cavanın gözü qarşısında öpməz, rüsvay etməz. Sənə hörmət qoyursa, namusunu qoruyar. Axı səni başqa yerdə görənlərdən biri hökmən deyəcək: dünən bağda bu qız bir oğlanla öpüşürdü. Kim sənə rəğbət bəslər, kim sənə "gəlinim" deyər, kim səni övladlarının anası görmək istər? Bayaq dedim ki, qızla gəlinin bəzəyi, geyimi arasında fərq olmalıdır. Ulular soruşub: qızıyla gəlini bilinməyən eldən, yazıyla yayı bilinməyən ildən nə olar? Şübhəsiz ki heç nə.  

Mən bilirəm ki, moda dünya miqyasında diktatordur. Modaya riayət lazımdır. Amma necə? Əgər qısa paltar geyinənin, ya dar şalvar sevənin tənasübü buna uyğunsa. Yoxsa sən dolu, bəstəboysansa şalvarı və ya dar, qıs tumanı geyib niyə özünü klouna bənzədir, gülüş, şəbədə hədəfinə çevirirsən? Axı ağıllı adamlar deyib ki, yalnız sənə yaraşan şey modadır. Yoxsa modadır deyə, sən dar, qısa kofta geyməklə bel-buxununun, sinə, böyürlərinin qatbaqat ətlərini niyə və kimə nümayiş etdirirsən?

 Bu yaxınlarda təzəcə xaricdən ezamiyyətdən qayıtmış bir rəfiqəmlə küçədə bir yarımlüt qadına təsadüf etdik. Soruşdum: o getdiyin İngiltərədə, Fransada, Hollandiyada küçədə belə geyimdə qadın görmüsən? "Yox" dedi. Elə mən özüm də görməmişəm. Belə geyimlərlə kazinolara, restoranlara və bir də nə bilim haralara gedərlər. İşə, bazara, dərsə bu, yaramaz. Hər yerin öz geyimi, bəzəyi var. Bir də görürsən, modadır deyə, toya qara paltarla, vaya, hüzrə boyalı dodaqlar, əlvan paltar, daş-qaş içində gedirlər. Axı sən toy sahibinin qəlbini qırırsan, əziz günündə qara geyinirsən. Hüzür sahibini qəmli anında onu təhqir edirsən, öz əlvan bər-bəzəkli görkəminlə. Hər yerin öz geyimi var. Xüsusilə də, məktəb, institut, təhsil ocaqlarının. Ağır başlı professorlardan biri tənəffüsdə məndən soruşdu ki, hansı sinifə gedirsən? Biləndə xahiş etdi ki, filan cərgədə oturan qıza fikir ver, elə oturur ki, onsuz da dar, qısa tumanı bir az da yuxarı çəkilir, mən utanıram, sən ona başa sal. O yaşlı kişi, alim-pedaqoq utanır, tələbə qız yox. Hansı əxlaq dəftərində yazılıb bu biabırçılıq?

 Qədimdə hamamlar ümumiydi, qadınlar dizlərindən döşlərinəcən fitə tutar, ahıl, əqrəba ağbirçəklərini görəndə hamamın xəlvətlərinə çəkilib yuyunar, utanar, həya edərdilər. İndinin küçə-bazar geyimləri, xüsusilə, bəzi müğənnilərin səhnə, ekran geyimləri, fitə nədi, Kərbəlayi Fatmanisə demişkən, "bin cünayı dərbalaqdı". Açıq qalmayan yerləri yoxdur, həya, abır nədir bilmirlər. Bəzi xarici filmlərdəki əxlaqdan uzaq olanların geyimini artıqlamasıyla təqlid edirlər. Bir zamanlar məşhur İtaliya kino sənətkarı Fellinin çəkdiyi film nümayiş etdirilərdi. Cülyetta Mazini orada bir əxlaqsız rolu oynayırdı. Film bütünlüklə fahişələrin həyatından bəhs edirdi. Hətta elə bir filmdən belə pis ruhla ayrılmırdın, hətta Üonların da arasında yaxşılar təmizlər var" düşünürdün. Amma televiziyada nümayiş etdirilən bir konsertdə müğənni xanımın geyimiylə işim yoxdur, bəlkə də, özü bilən məsləhətdi, harasını istəyirsə, nümayiş etdirir, amma o müğənni elə bir hərəkətə yol verdi ki, bunu "Kabiriyanın gecələri"ndəkilər belə özlərinə rəva görməzdilər: o əyilib arxasını tərəf-müqabili olan rəqqasa çevirdi və rəqqas da onun qabaraq yerinə bir kəllə vurdu. Əvvəl elə bildim ki, ayağı büdrədi. Amma yox, müğənninin ürəyi bir dəfəylə soyumadı, daha iki dəfə arxasını qabartdı və rəqqas oğlan təkrar-təkrar düz üç dəfə xanımın güngörməzinə kəllə vurdu. Soruşan oldumu ki, niyə biz tamaşaçıları təhqir edirsən? Dünyanın bir çox məmləkətlərini gəzmişəm, konsertlərdə olmuşam, belə hərəkəti heç yerdə görməmişəm, şərqli-qərbli, şimallı-cənublu Afrika qarışıq qitələrdə.

 Mən bu gün adət-ənənələrimizin, milli dəyərlərimizin gözdən düşməsində ekranları daha çox günahkar sayıram. Ekran sahibləri bizim milli xüsusiyyətlərimizi də nəzərə alıb, belə rüsvayçı hərəkətlərə, geyimlərə, onların bəzisini heç geyim də adlandırmaq olmaz, yol verməməlidirlər. Biz adət və ənənlərimiz, milli dəyərlərimiz uğrunda mübarizəni avral şəkildə deyil, müntəzəm aparmalıyıq. Öz adətlərimizi, geyimlərimizi, bəzək atributlarımızı, bir sözlə, milli gözəl nəyimiz varsa, onu müntəzəm təbliğ etməli, yaddan çıxaranlara xatırlatmalıyıq, qorumalıyıq onları. Yalnız bu yolla varlığımızı əvvəl özümüzə, sonra da dünyaya təsdiq edə bilərik. Əks halda, dolmamızın adını, rəqslərimizin, musiqimizin, ulu sənətkarlarımızın adını, sənətini mənimsəyib bizi gözdən salan, nəyimiz varsa əlimizdən alan, torpaqlarımızla birlikdə şəxsiyyət və mədəniyyətimizə sahiblənən yağılara, ulu şəxsiyyətlərimizə də min böhtan atan yağılara qarşı yalın əllə qalıb, mübarizə də apara bilmirik. Öncə kim üçün, neyçün, nədən ötəri yaşadığımızı və çarpışdığımızı dərk etdirməliyik dünya millətlərinə. Bu da yalnız milli dəyərlərimizi qoruyub saxlamaqla mümkündür.

 Azəri türk gənci! Sənə inanıram. Bu yıpranmış, özgə yamaqları vurulmuş, əllamələr icadından sən qurtara biləcək, yaşadacaqsan milləti. Sənə uğurlar diləyirəm.

 

«Bizim Əsr» qazeti