Əvvəlki səhifəyə qayıtmaq üçün                               

                                                          

LOĞMAN  VƏ  ŞAGİRDİ

   

Loğmanın bir çoxbilmiş, hər şeyə yetik olan şagirdi armış. Hər yerə burnun soxurmuş. Loğman onu qovur. Bir gün xərçəng xəstəliyinə tutulmuş bir nəfəri müalicə üçün hamamı boşaltdırıb « kisə daşının» üstünə uzandırır. Xəstənin qarnını açıb görür ki, xərçəng caynaqlarını kişinin bütün qarın nahiyəsinə soxub. İstəyir ki, maşa ilə xərçəngin belindən tutub izalə eləsin. Görür bu halda xəstənin qarnı da qopacaq, o, məhv olacaq. Birdən qulağına bir səs gəlir:

 -Ustad, maşanı qızdır!

 Sən demə şagird hamamın dam pəncərəsindən baxırmış. Loğman onu hədələyib qovur. Maşanı qızdırıb xərçəngin belinə basan kimi xərçəng sustalıb caynaqlarını açır və loğman onu qoparmadan usulluca götürüb atır. Xəstə xilas olur. Bundan sonra şagird bir daha ustadın gözünə görünmür. Bir gün şagirdin gözləri bərk ağrıyır. Ha  çalışır, ustaddan öyrəndiyi dərmanları edir, çarə olmur. Anasına deyir:

 -Ustad məndən incikdir. Sən get, dərdimi de; ağzından çıxan birinci sözü gəl mənə de. Dərman gözləmə.

 Ana gəlir Loğmanın yanına, dərdini danışır. Loğman deyir:

 -Ah… Əllərin dala bağlamalı…

 Sonra əlavə edir:

 -Hə, get de gözlərinə bal sürtsün keçər.

 Ana gəlib oğluna «bal» məsələsini deyəndə şagird deyir:

 -Yox, ana, bala milçək qonar, siçrətmə salar, gözlərim kor olar. Ustadın mənə acığı soyumayıb. Axı dedim ki, ilk sözünü yadında saxla.

 Ana karıxmış cavab verir:

 -Axı o dərman deyildi, a bala. Mən dərdini deyəndə dinlədi: «Ah… əllərini dala bağlamalı». Bunun nəyi dərmandı?

 Şagird tələsik:

 -Əsl dərman odu, ana, gəl əllərimi dala bağla. Əl gözün düşməniymiş. Min çirk…

  ***

 Ağsu dolayında bir yük maşını qəzaya uğrayır. Hamı qırılır, həlak olur (o zaman yük maşınlarının sürücüsü ot tayalarının üstündə sərnişin daşıyardı. Başqa transport yox idi. Maşın dərəyə yuvarlananda bir yəhudi əlini bir ağaca atıb səlamət qalır. O vaxtdan Ağsulular həmin ağaca «Cuhud ağacı» deyiblər.

 Acıdərəyə qalxan səmtdə bir sərnişin avtobusu qəzaya uğrayır. Yanaşı oturan 2 qadın elə qəza vaxtı da yanaşı düşürlər. Ufultu, inilti… Arvadlardan biri o birisinə yarımçıq kəsilmiş söhbətini:

 -Hə… Onu deyirdim axı. Gəlin başı batmış…

 Deyəsən gəlindən qeybət edən qayınanaydılar.

 ***

 Səfərdən, ticarətdən qayıdan ərinə nazlanır:

 -Əyşi, vallah sən gedəni heç təndir salıb urvatlı çörək də bişirməmişəm. Elə ocağa yağlı kömbə salıb yemişəm, - deyir.

***

 Qayınana çox əzazilmiş. Üç gəlini varmış. Bir gün harasa gedəndə toyuqların qarnın yoxlar, qənddanda qəndi sayarmış. Gəlinlər yarıac, yarıtox dolanırmış. Bir dəfə qayınana harasa gedəndə ələ keçirdikləri əti bişirirlər. Yeməyə hazırlaşanda darvaza döyülür. Qayınana gəlir. Gəlinlər cəld əti lavaşa büküb bellərinə bağlayırlar. Qayınana gəlir; evdən «iy çəkir». Başa düşür ki, gəlinlər nəsə bişiriblər. Hər yeri axtarır, heç nə tapa bilməyəndə anlayır ki, bişmiş gəlinlərin üstündədi. Deyir:

 -Durun, mən çalım, siz oynayın.

 Gəlinlər əlacsız qalıb oynamağa – rəqsə başlayırlar. Amma qorxurlar da ki, açılıb düşə. Oxumağa başlayırlar.

 I gəlin – Bax bu da bir fənddi, bacı

 II gəlin – Qatmacığaz bərkdi, bacı

 III gəlin – bilsə, qiyamətdi, bacı!

 Qafiyələr belə oxunur:  fətdi; bərtdi.

 ***

 Oğul anasından soruşur:

 -Deyirlər xeyli ərə getmisən, elədi?

 -Hardan xeyli oldu? Mən deyim, sən say: Əli, Vəli, Pirvəli, ikisi ondan irəli, Pambığatan, Qozsatan, irəhmətlik sənin atan, biri də bu köndələn yatan…

 Hamısına da halal minallah şəryətnən, kəbinnən.

 ***

 O ili məzuniyyətimizi kənddə keçirirdik. Qardaşım Məmmədlə, eşim Mamed (belə seçirdik Məmmədləri) ovçuydular. Arabir çıxıb daşlardan kəklik gətirirdilər. Bir gün söz çıxdı ki, bu yeddipara Udulu kəndlərinin ərazisinə canavar dadanıb. Kəndlərdən: Şorbaçı, Paşalı, Ağanədirli, Cəngən, Tağılı, Tava və Qubalı kəndlərindən neçə heyvan parçalayıb, nə qədər ziyanlıq vurub. Qocalar bizim Məmmədlərə yapışdılar ki:

 -Kəkliyə nə var? Gətirib yeyirsiz. Camaata kömək eləyin. Vurun o namərdi.

 Hər iki Məmməd bir neçə gün canavarı izlədilərsə də, özünə rast gəlmədilər; qanlı izini, parçalanmış heyvan leşindən dağa-dərələrə-kahalara tərəf gedən izini gördülər.

 Axırı bu qərara gəldilər ki, bir çəpiş aparıb o ləpirlərdən birinin yanındakı yovşanlığa bağlasınlar. Özləri aralıda – güllə mənzilində pusquda dursunlar. Gecə çəpişin mələrtisinə gələndə vursunlar onu. Elə də elədilər. Səyyadın «mindiyi» çəpişin şəklini fotoya aldım. İndi də məndədi.

 Bəli, Məmmədlər getdilər. Gecə yarıyacan çəpiş mələdisə də, insan iyi almış təcrübəli canavar hardansa kahasından çıxmadı. O birisi gecə də belə. Məmmədləri iki gecənin yuxusuzluğu yorur, çəpiş mələyir, canavar gəlmir ki, gəlmir. Ovçuların biri yerlərini dəyişib xeyli aralıda pusmağı məsləhət görür.

 -Yoox, qardaş, o mərdiməzar fürsət tapıb çəpişi gözümüzün qabağında parçalar.

 Nə isə. Çəpiş də götürüb gecəyarısı evə döndülər və bu əhvalatı danışanda mən rezyume verdim:

 -Hə, lap tarixə düşərdiniz. «Hacabdulla it küçüyü doğan ili nağılı və ya «mütrif dəftəri»ndəki Qasım əmi bir hadisənin nə vaxt baş verdiyini soruşanda deyərdilər:

 «Hə, 2 Məmməd bir çəpişi canavara verən ili» olub filan şey. Dilimizdə sonra ailə misalı oldu.

 ***

 Gəlin deyib:

 Qayınanamı bağda ilan vuraydı

 Baldızıma Quran qənim olaydı

 Qayınatama Məkkə qismət olaydı.

 

Bir də deyib:

                    Baldızım, çuvalduzum

                    Hərdəm gəlib

                    Sancar məni.

                    Məlik-Məlik

                    Qurtdu kəlik.