Nədənsə, hərdən insanları illərə bənzədirəm. Ürək kitabımızda hər ilin öz yeri olduğu kimi, əzizlərimizin, müəllimlərimizin, dost və tanışlarımızın, yaxud iş yoldaşlarımızın da öz səhifəsi var. O səhifələr ömrümüzün ən mənalı illəri kimi, öz-özlüyündə sıralanıb. Başqa sözlə desək, elə il var ki, onu bir neçə il əvvəl yaşasaq da, unudulmuş kimidir və ömür kitabımızın hansı səhifəsində yer tutduğunu heç xatırlaya da bilmirik. Onu da bilmirik ki, o ili necə yaşamışıq. İl də var ki, elə bil dünən olub - çox günləri şirin, unudulmaz xatirəyə çevrilib. İnsanlar da belədir. Eləsi var ki, həmişə bizimlə yoldaş kimidir. Sanki hər gün bizimlə oturub-durur, söhbət edir - sözü, məsləhəti ilə bizi sevindirir. Halbuki o insanların bəziləri artıq dünyasını dəyişib. Amma o insanlar, yaxın və uzaq olmasından, kimliyindən asılı olmayaraq, bizim o gözəgörünməz ömür kitabımızın ilk səhifələrində öz yerlərini tuturlar. İş yoldaşımız, ürəyində gözəl duyğular bəsləyən Eldar müəllimin ifadəsi ilə desək, onlar bir nur topasıdırlar. O nur, o işıq bir şam kimi həmişə ətrafında olanların qəlbinə xeyirxahlıq toxumu səpir, onları düzlüyə, yaxşı əməllərə səsləyir. O nur topaları hətta Haqq dünyalarına qovuşsalar da, işıqları ürəklərdə, əməllərdə yaşayır. Təəssüf ki, biz çox zaman həmin şəxsləri itirdikdən sonra onların qədir-qiymətlərini bilməyə çalışırıq, adlarına kitab bağlayırıq, abidələr ucaldırıq...
Tez-tez xatırladığım, ürəyimdə səsi, sözü və işığı yaşayan insanlardan biri,
Əzizə xanım Cəfərzadədir. Əzizə xanım Bakı Dövlət Universitetində mənə cəmi
bir-iki ay mühazirə oxuyub. İnanıram ki, o mühazirələrin şirinliyi təkcə
mənim yox, digər tələbə yoldaşlarımın da qəlbində qızıl lent kimi yaşayır.
Təzadlı ömür yaşamış, illərin ağrı-acısını qəlbinə yığmış bu insan görkəmli
alim, gözəl yazıçı olmaqla bərabər, əsl Azərbaycan qadınına məxsus cəhətləri
öz simasında cəmləşdirmişdi. O, milli adət-ənənələrimizin, şifahi xalq
ədəbiyyatımızın gözəl bilicisi idi və bildiklərini öz tələbələrinə çox
məharətlə, xüsusi yanğı ilə çatdırmağa çalışırdı. Bir qədər mübaliğə ilə
desək, Əzizə xanım danışanda auditoriyada heç kim nəfəs almaq istəmirdi.
Onun dedikləri bir işıq kimi ürəyimizə dolurdu - biz sevinirdik, qəlbimizdə
ümidlər göyərirdi, bəzən də kədərlənirdik, kövrəlirdik. Əzizə xanım
danışdıqca özü də göynəyirdi. O sanki hansı səbəbdənsə gözü yollarda qalmış
bir ananı, bir qərib soydaşımızı ovutmaq istəyirdi. Onun dilində
bayatılarımız, ağılarımız daha təsirli səslənirdi...
İllər sonra bildim ki, Əzizə xanım universiteti bitirdikdən sonra faşizmə
qarşı müharibə illərində bizim rayonun Çaparlı kəndində müəllimə işləyib,
məktəb direktoru olub. Ancaq o təkcə müəllimlik etməyib, həm də oğlunu,
ərini, nişanlısını cəbhəyə yola salan, gündüzlər tarlada yarıac-yarıtox
kətmən vuran, taxıl biçən qadınlara həyan olub. Öz aylıq əmək haqqından
onların övladlarına ərzaq, pal-paltar, ayaqqabı alıb. Axşamlar şagirdlərinin
dəftərlərini yoxladıqdan sonra maraqlı söhbətləri ilə qız-gəlinlərin ümid və
arzularını göyərdib... Hələ bunlar nədir ki. Onun o qədər ağrı-acılı günləri
olub ki. Tale onu dünyanın haralarına aparmayıb... Yəqin buna görə də Əzizə
xanım söhbətlərində deyirdi ki, mən bir ömürdə on insanın yaşadığı ömrü
yaşamışam.
Təyinatla Şamaxı rayon qəzetində işlədiyim illərdə Əzizə xanım hərdən doğma
elinə gəlirdi. Kəndlərində müəllim işləyən qardaşı, filologiya elmləri
doktoru Əhməd Cəfərzadə arabir qəzetə ədəbi axtarışları ilə bağlı maraqlı
yazılar da gətirirdi. Onu da deyim ki, Əzizə xanım o illərdə öz kəndlərində
kitablarından aldığı qonorar hesabına gözəl məktəb binası tikdirmişdi. Onun
bu xeyriyyəçiliyi, nədənsə, çoxlarına qəribə gəlirdi.
Bir dəfə rayon üzümçülərinin əmək qələbəsi ilə bağlı Əzizə xanımın təbrik
məktubunu hazırlamalı idim. Onda Əzizə xanım Respublika Qadınlar Şurasının
sədri idi. Bakıya hansı telefona zəng etdimsə, onu tapa bilmədim. Əlacsız
qalıb redaktordan gizlin Əzizə xanımın adından geniş bir təbrik-teleqram
yazdım (o illərdə belə təbriklər dəbdə idi). Təbrik qəzetin birinci
səhifəsində çap olundu. Bir neçə gündən sonra rayonda məhsul bayramı
keçirilirdi. Yaxınlaşıb qəzeti Əzizə xanıma verdim və ondan xəbərsiz təbrik
yazdığıma görə üzr istədim. Dedi: Qoy oxuyum, sonra. Oxudu, sonra
gülümsədi: Lap yaxşı yazmısan, elə bil ürəyimi oxumusan, - dedi. Doğrusu,
sevindim.
ZAMAN qəzetində işlədiyim ilk illərdə də arabir Əzizə xanımın evinə zəng
edib, ondan Novruz çərşənbələri və digər adət-ənənələrimizlə bağlı bilgilər
alırdım. Adımı bilsə də, adətən, o qara oğlansan?- deyirdi. Bir dəfə də
elə dekabr ayı idi. Səksən yaşı tamam olacaqdı. Ondan müsahibə almaq istədim.
Əzizə xanım dedi ki, qoy bir yaza çıxaq, sonra... Daha heç nə deyə bilmədim.
Dünən gözəl müəllim, professor, neçə-neçə tarixi romanın müəllifi Əzizə
xanım Cəfərzadənin anım günü idi. Bu yazdıqlarım onun haqqında ürəyimdəki
yaşantıların bir hissəsidir. Onu düşündükcə sanki Əzizə xanımın ürək ovudan
səsini eşitdim, işıqlı ömrünü bir daha vərəqlədim, aləmə səs salan
əsərlərini yenidən oxudum.
Ruhu şad olsun.