Gələcək nəslimiz üçün sakit,
dinc, müstəqil bir Vətən istəyirəm,
xoşbəxt bir istiqbal arzulayıram.

Əzizə Cəfərzadə

Millətimin öz içində xəyanət olmasa,
düşmən ona qarşı duruş gətirməz;
qələbə çala bilməz.

Əzizə Cəfərzadə
 

                                   

 

1.Orta məktəb illərini necə xatırlayırsınız?

    38№ məktəbdə 7-illik məktəbi bitirdikdən sonra iki məktəbə daxil oldum, 1-ci Sabir adina pedtexnikum, 2-ci Bakı teatr məktəbinin teatr tənqidi-teatrşünas  şö‘bəsinə. Olduqca güclü müəllimlərim olub. Professor Tumbil, prof.Mudrov, A.A.Tuqanov, V.A.Bitner, prof.Təhmasib, xalq şairi Osman Sarıvəlli, əsl ziyalı və pedoqoq M.Ə.Musayev və b. Olduqca hərtərəfli zəngin bilik verirdilər bizə. Mənim sonralar Universiteti ekstern yolu ilə bitirməyim, o dərin bilik mənbəyinə və külli miqdarda bədii ədəbiyyat qiraətinə borcludur. Qeyd etməliyəm ki, həmin illərdə Azərbaycanda ilk dəfə ə’laçılar üçün M.F.Axundov adına mukafat tə’sis olunmuşdu. Mən hər iki məkrəbdə ə’la qiymətlərlə oxuduğum üçün o mukafata respublikada layiq görülmüş birinci tələbə olmuşam.

 2.1937-38-ci illəri necə xatırlayırsınız?                                      

   Mənim üçün hər ikisi ağır idi. 1937-ci ildə bütün millət kimi, mən də həyacan içində idim hər səhər yuxudan oyananda bu gecə tanınmış şəxsiyyətlərdən kiminsə aparıldığını həyacanla eşidirdik. Əlbəttə şəklini ədəbiyyat dərsliklərimizdə gördüyümüz və ya sadəcə əsərlərini oxumaqla sevdiyimiz Cavid, Müşfiq, Yusif Vəzir Çəmənzəminli və başqalarının yoxluğu bütün o dövr gəncliyi kimi mənə də ağır tə‘sir etmişdi. Dərin həyacan içində bu ağır günlərin nə zaman bitəcəyini gözləyirdik.  Amma 38-ci il mənim xatirəmdə daha dəhşətli iz buraxmışdır. Çünki o il vaxtilə Cənubi Azərbaycandan çörək dalınca, iş dalınca Bakıya pənah gətirmiş cənublu soydaşlarımızın faciəli şəkildə İrana sürgün olunması ağır bəla idi və bu faciə yaşadığım məhəllədə(Dağlı məhəlləsi, Həmşəri palanı, Hüseynbala açıqlığı) mənim gözümün qarşısında cərəyan edirdi. Südçü Baxış kişi, mamaça: yaşı doxsanı ötmüş Məşədi Gülsüm nənə…  Kişiləri küçədən tutulub gəmilərdə Ənzəliyə sürgün olunan ailələrin vanəfsası, göz yaşları, ağılar gecələr yuxularımızı da doldurmuşdu.

 3.Necə oldu ki, ədəbi yaradıcılığa başladınız?

   Mənə elə gəlir ki, əlim qələm tutandan yazırdım, amma bu yazıların nə olduğunu, ədəbi yaradıcılığın nə olduğunu heç bilmirdim. Bir dəfə hələ 4-cü sinifdə oxuyanda ədəbiyyat müəllimimiz Mirmahmud müəllim əzbərlədiyimiz şe‘rin nəsrlə ev tapşırığı kimi yazıb gətirməyi tələb ətmişdi. Yadımdan çıxmışdı, yazmamışdım. Müəllim bir neçə şagirdi dinlədikdən sonra məni qaldırdı. Dəftərin boş ağ vərəqini qarşıma tutub, əzbər bildiyim şe‘ri, nəsrə guya yazmışam söyləməyə başladım. Söz arasında bir «ay müəllim» sözü işlətdim. Mirmahmud müəllim soruşdu: «Ay qız o «ay müəllim»i də ora yazmısan?» şübhələndi, yanıma gəldi, dəftərin ağ vərəqini gördü. Susdu danlamadı məni, amma validəyn iclasında bu hadisəni danışıb anama demişdi: «Bu qızdan muğayat olun»

 4.İlk kitabınız 1948-ci ildə nəşr olunmalı idi. Lakin həmin kitab yandırılıb. Yalnız 15 ildən sonra ilk kitabınız nəşr edildi. Arada bu qədər məsafə olmasının səbəbi nədir?

   1948-ci ildə ədəbiyyat məsələləri ilə əlaqədar Jdanovun çıxışı olmuşdu. Orada, Moskvada Sovet həyatını düzgün əks etdirməmək üstündə Zoşşenkonu, salon lirikasını tərənnümdə Anna Axmatovanı tənqid etmişdilər. Əlbəttə o zamankı anlayışla bütün başqa respublikalar kimi Azərbaycanda da belələrini ifşa etmək lazım idi. Azərbaycan dramaturgiyasında gözəl komedioqraf Sabit Rəhmanı Sovet həyatını qara rənglərlə göstərməklə Zoşşenko kimi, məni də salon lirikasını tərənnümdə , yə ni Axmatovşinada ifşa etdilər. Halbuki mən o zaman Avropa salon lirikasının nə olduüunu bilmirdim, salon sözünü bərbərxanaların qabağında kişi, qadın salonu şəklində görmüşdüm. Öz yağında qovrulan gəncdim. Ona görə də yandırıldı, üzünü də görmədim. Ağıllı münəqqidimiz Cəlal Məmmədov kitabın siqnal nüsxəsini mətbəədə görüb «Azərbaycan Gəncləri» qəzetində məqalə də çap etdirmişdi.

 5.Hansı əsərinizin sizə daha çox pupolyarlıq gətirdiyini düşünürsünüz?

  Mənim «Şirvan» adı altında bir trilogiya-üçlüyüm var:a) «Vətən qayıt», b) «Aləmdə səsim var mənim» c) «Yad et məni». Qəribə idi ki, bunlar ardıcıllıqla deyil, ilk növbədə «Aləmdə səsim var mənim» romanı nəşr olumnuşdu. Elə məhz bu roman mənə sözün əsl mə‘nasında populyarlıq gətirdi. Mərhum xalq şairimiz R.Rza böyük bir məqalə yazıb, romanı yüksək qiymətləndirdi.

 6.Dünya ədəbiyyatından yaradıcılığınızın ilk illərində kimləri mütəliə edirdiniz və bu mütaliələr sizə nə verdi?

 O dövrdə ən əvvəl öz nəsrimizi daha çox oxuyurdum. Məmməd Səid Ordubadinin «Dumanlı Təbriz», «Qılınc və qələm», Y.V. Çəmənzəminlinin « Qızlar bulağı» çox sevdiyim əsərlər idi. Həmçinin C.Məmmədquluzadə, Ə.Haqverdiyev, bir sözlə Molla Nəsrəddinçilər, ulu şairlərimizdən Nəsimi, Xətai, Füzuli, Seyid Əzim, Sabir və b. əlimdən düşmürdü, amma o dövrün dünya ədəbiyyatını böyük həvəslə oxuyurdum. Şekspirin «Brokqauz-Yefron» bütün əsərlərini, Bayron, Şelli, Lonqfello ingilis ədəbiyyatından, fransızlardan Şiller, V.Hüqo, Düma, Mopasan, ispaniyadan Servantes, Türkiyə ədəbiyyatından Namiq Kamal, Rza Tofiq, Əbdülhəq Hamid və b. Əvvəlcə nizamsız oxuyurdum, əlimə keçəni, sonra rus və fars dilində biliyim mükəmməlləşdikcə daha  çox tarixi mövzulu əsərlərə (Drayzer), məişət təsvirini güclü verən əsərlərə( Şolom Aleyxemvə b.) meyl göstərməyə başladım, beləliklə tarixi mövzular ürəyimdə daha çox yer aldı. Eləcə də başqa millətlərin tarixdən yazan yazıçılarına qibtə edirdim. Mənim də millətimin Ordubadisi, Yusif Vəziri nəzərimdə yüksək idi.

 7. Romanlarınızda bə‘zən əsas sujet xəttini yarımçıq qoyaraq dövrün adət-ənənəsinə, etnoqrafiyasına geniş yer verirsiniz. Səbəbi nədir?

 Millətimin mənliyini təsdiq edən, qədimliyini, ululuğunu özündə daşıyan nə varsa saxlanmasını, unudulmamasını istəmişəm. Ona görə. Bir qabın, bir xörəyin, bir ev əşyasının tərəkəməliyə, qdəvəçiliyə, qoyunçuluğa və s. bircə terminin itməsi məndə təəssüf doğurur. Odur ki, öyrəndiklərimi yeri düşdükcə yazılarımda qoruyuram. Özümüzlə heç nə aparmamalıyıq. Bildiklərimiz millətin gənc nəslinə qaytarılmalıdır.

 8. Roman və povestlərinizdən hansı sizi tə‘min etmir və təkrar işləsəydiniz nəyə üstünlük verərdiniz?

   Bu baxımdan iki əsər məni həmişə narahat edib. Biribci «Şirvan» seriyasından olan «Yad et məni» romanıdır. İlkin düşüncəmdə mən bu əsərdə mən üç dostun, Sabir, Səhhət və Hadinin dostluq əlaqəsini əsas alacaqdım. Lakin əsər üzərində işlədiyim dövrdə böyük hörmət bəslədiyim xalq yazıçısı Əbülhəsən mənə dedi ki, talehsiz bir nasirimiz Hadi haqqında roman yazır. Sən bacardıqca Hadiyə toxunma. Mən ustadın sözünü yerə salmadım. Amma əvəzində «Yad et məni» romanını ürəyimdə şikəst övlad hesab edirəm. O üçlük başqa cür səslənərdi. Lakin mən heç vaxt yazıb, oxucuya təqdim etdiyim hər hansı əsəri yenidən işləməmişəm və işləyə də bilmirəm. Qoy oxucu onu necə qə‘bul edibsə qalsın.  3-cü əsər yenə də həmin silsilədən «Vətənə qayıt» romanıdır. O vaxt qlavlit-senzura həmin romandan böyük bir fəsli çıxarmışdı. Tə‘kidlərimə baxmayaraq köhnə yaraların üstündən közməyi qopartma dedilər. Orada Salya hakiminin arvadı qəbulə xanımın oraya gəlmiş rus zabitlərinə tutduğu divandan danışılırdı və mə‘lum olurdu ki, Azərbaycan heç də könüllü surətdə Rus imperiyasının tərkibinə daxil olmamışdı. Günahım həqiqəti deməyimdə idi.

 9. Nə üçün tarixi mövzulara üstünlük verirsiniz?

  Çünki Sovet hakimiyyeti dövründə Azərbaycan tarixi qarma-qarışıq şəklə salınmışdı. Rus tarixçilərinin tələbi ilə yazırdı tarixçilər tarix kitabını. Bizə gündə bir baba axtarırdılar. Manna, Masaget, Midiya, Alban hərə bir söz deyirdi. Ruslar türk adı çəkməyə qoymurdu bizi. Bizi əsl kökümüzdən, türk dünyasından ayırmaq, kimliyimizi unutdurmaqdı məqsəd. Mən isə universitetdə tələbələrimin gözündə həqiqəti bilmək sualı oxuyurdum. «Hun dağı», «Vətənə qayıt», «Cəlaliyyə» «Bakı-1501» və b. bu suallara cavab üçün yazılmışdı.

 10. Xətai haqqında sizin «Bakı-1501», Ə.Nicatın «Qızılbaşlar», F. Kərimzadənin «Xudafərin körpüsü» romanları çap olunduqdan sonra ədəbi tənqid bu əsərləri müqayisəli təhlilə çəkərək, birinin digərinə nisbətən üstün və kamil olduğunu sübut etməyə çalışırdı. Bəs bir müəllif kimi sizin fikriniz?

    Qiyməti oxucu verib, mən yalnız onu deyə bilərəm ki, «Bakı-1501» o əsərlərdən əvvəl yazılmış və çap olunmuşdu. Mənə irad tuturdulər ki, nə üçün mən Şah İsmayıl Xətaini bir şair, sərkərdə, hökmdər və dini təriqət başçısı kimi həm müsbət həm də bə‘zi qüsurlarla birlikdə təsvir etmişəm. O zaman məni belə tənqidlərə qarşı xalqımızın qəlbindən zorla qoparılmış mərhum akademin Ziya Bünyadov müdafiə etdi.O söylədi ki, Xətai eləbir şəxsiyyətdir ki, onun «lak vurulmağa ehtiyacı yoxdur».

 11. Elmi fəaliyyətiniz bədii yaradıcılığınıza mane olmur ki?

  Yox. Çünki hər ikisi tədqiqatla sıx bağlıdır. Tarixi həqiqətləri bədii əsərlər üçün öyrənirkən ədəbi faktlar da meydana çıxdıqca tədqiq etmək, geniş oxucu kütlələrinə çatdırmaq lazımdır.

 12. Bu qədər çox səyahət etməyinizin səbəbi nədir?

    Əvvəla, bütün yaxın şərq, böyük və kiçik Asiya məmləkətlərində olan əlyazmaları fondları və institutların kitabxanalarında işləyib material toplamaq lazım idi. Digər tərəfdən Xətai, Hacı Zeynalabdin Şirvaninin həyatını öyrəndikcə onların gördükləri, gəzib seyr etdikləri məkanları görməyi vacib sayırdım. Bir də uşaqlıqdan «Kapitan Qrantın uşaqları», Obruçevin əsərlərini oxuduqca məndə dünyanı görmək marağı oyanmışdı. Bir növ xobbi olmuşdu mənim üçün.

 13. Siz Sovet siyasi rejimində yaşamısınız. Amma heç bir əsərinizdə bu rejimi mədh etməmisiniz. Bu nəyin bahasına başa gəlib?

   Sovet rejimini bə‘zi müstəsnalarla qəbul edə bilmirdim. Azərbaycanın 19-cu yüzilliyin başlanğıcından və daha əvvəl I Pyotrun vaxtından başlayaraq Vətənimin mə‘nəvi və maddi fəthi, işğalı məndə həmişə daxili bir nifrət hissi yaratmışdır. Odur ki, bu etirazımı tarixi yazılarımda («Vətənə qayıt» və b.) verir və senzuranın tə‘qibi ilə o əsərlərdən fəsillər çıxarılırdı. Bununla belə 1937-ci il faciələrini görmüş həmfikirlərim kimi açıq e‘tiraz edə bilmirdim. Həmişə mənə elə gəlirdi ki, daxilimdə bir qlavlit-senzor əyləşib. Nəyi demək olmaz təlqin edirdi mənə. Bə‘zən hətta obrazların dilindən belə Allah sözü çıxarılırdı. Hər bir e‘tiraza bənzər kəlmə çıxarılırdı. Belə bir halda rejimi tə‘rif etmək özü də mənə ağılasığmaz gələrdi.

 14. Yazılarınızda ananızı tez-tez xatırlayırsınız? Hətta müsahibələrinizin birində ananızın əsərlərinizin ilk oxucusu olduğunu qeyd edirsiniz.

  Doğrudur. Qorkinin  bir sözü var: « Məndə bütün yaxşı nə varsa kitablara minnətdaram». Biz və yə‘ni iki alim qardaşım bizdəki bütün müsbət nə varsa anamıza minnətdarıq. Anamız sözün əsl mə‘nasında folklor xəzinəsi idi. Şe rə xalq ədəbiyyatına, klassik poeziyaya məhəbbətimizi anamızın südü ilə əmmişik. Mənim isə bütün bədii yazılarımı 1976-cı ildə dekabr ayının 26-da dünyasını dəyişənə qədər, hələ ilk jurnal variantında oxuyardı. «Aləmdə səsim var mənim» romanı «Azəbaycan» jurnalında çıxanda mənə dedi: « Yazırsan ki, qızlar çay qırağında ağ mələfələri sarı gilabi ilə yuyurdular. Düz deyil. Sarı gilabi onları saraldardı. Ağ paltarları ağ gilabi ilə yuyardılar». Belə iradı heç bir tənqidçi mənə tuta bilməzdi. Adər-ənənələrimiz, məişət detalları nə vardısa əksəriyyətini anamdan öyrənmişdim. Onun böyük müşahidə qabiliyyəti var idi. Elə buna görə də anamı ilk müəllif hesab etmişəm. «Anamın nağılları» kitabını yazanda elə bilirdim ki, çiynimin üstündə durub onları mənə diktə edir. Belə idi münasibətimiz.

 15. «Zərrintac Tahirə» və «İşığa doğru» romanlarınızın mövzusu ənənəvi mövzularınızdan seçilir. Bunun səbəbi nədir?

   Mənim şairə və nəzərimcə xalqının acınacaqlı vəziyyarinə biganə olmayan soydaışımız şairə Tahirə Qürrətüleynə böyük məhəbbətim var idi. Çoxdan idi ki,  onun farsca şe‘rlərini bier ibadət himni kimi oxumağı sevərdim. Gözəl tədqiqatçı Qulam Məmmədli İrandan onun bir müləmməsini gətirib burada çap etdirdikdə şairənin öz türkçəmizdə də şe‘rlər yazması marağımı daha da artırdı. Qonşumuz qoca bəhayi Hacıbaba və Əliqulu kişilərdən onun haqqında soruşdum bə zi türkcəmizdə şe‘rləini onlardan əldə etdim və bu müqtədir şairənin həyatını öyrənməyə başladım. Mənim üçün bəhailərdən fərqli olaraq Tahirə Qürrətüleyn ərəb fars dillərini də mükəmməl bilən, öz türkcəmizdə də gözəl şe‘rlər yazan Qəzvində boy artmış soydaşım üsyankar türk qızı oldu. Materiallar toplayıb nəzərimdə canlanan surətini yaratmağa çalışdım.

16. Yazdığınız yaxud yaza bilmədiyiniz hansı mövzu sizi narahat edir?

   Azərbaycan poeziyasında iki ulu şəxsiyyət həmişə ürəyimdə və şüurumda möhkəm yer tutub:Sabir və Füzuli. Birinci ilə əlaqədar «Ağlar güləyən Sabir» romanı yazıldı. Amma ölümsüz məhəbbət tərənnnümçüsü Füzuli qarşısında 10-dan yuxarı elmi tədqiqi populyar məqalələr yazıb çap etdirsəm də səcdədəyəm, borcluyam elə bil ki, o mövzuya. Vəssəlam.