Əvvəlki səhifəyə qayıtmaq üçün
Əzizə Cəfərzadə:
Rəşid Behbudovla görüşüm
Xalq
yazıçımız Əzizə Cəfərzadə maraqlı yazıları ilə tez-tez qonağımız olur. Bu dəfə
o, böyük sənətkarımız Rəşid Behbudovla bağlı xatirələrini bizimlə bölüşür. Bir
dünya şöhrət və məhəbbət qazanmış Rəşid Behbudovu səhnədə çox görmüşəm... O
vaxtlar adını çəkə bilmədiyimiz Türkiyənin, türklərin şux bir türküsünü də ilk
dəfə ondan eşitmişəm, uçuna-uçuna dinləmişəm. Doğrudur, o, bu mahnını
Bolqarıstan bayrağı altında oxuyurdu. Amma ər halda türkcəmizdəydi, doğmaydı...
Qara
qoyun etli olur, Qovurması
tatlı olur. Dul
yerinə varan qızlar Ölməz...
amma dərtli olur. Halvaçı,
halva, Şəkər
lokumlu halva... Necə
gülümsəyir, necə ifa edirdi bu "Halvaçı" mahnısını? Az qala, durub onunla rəqs
etmək istəyirdim.Mahnılarını sevə-sevə, bihuşcasına dinlədiyim Rəşid
Behbudovla şəxsi, üz-üzə birincigörüşüm Bakı kinostudiyasında olub. O vaxtlar
mən kinostudiyada ssenari şöbəsinin müdiri idim.Rəşid "Arşın mal alan" filminə
çəkilirdi. Məni tanıyırdı, salamlaşırdı, amma hələ heç söhbətləşməyimiz üçün
məqam olmamışdı. Axşamlar müdirimiz Mehdi Hüseynin kabinetində növbə çəkir,
qəfil telefon zənglərinə cavab verir, lazımi tədbirləri görürdük. Həmin gecə
də növbətçi idim.Mehdi müəllimin kabinetində oturub T.Drayzerin "Amerika
faciəsi"ni oxuyurdum. Baxtımdan, zəng-zad da yox idi. Birdən açıq qapıdan
Rəşid girdi, burada axşamlar da iş getdiyini bildiyindən, Mehdi müəllimi
görmək istəyirdi. Mehdi müəllim isə az əvvəl tapşırığını verib getmişdi. O
günlərdə filarmoniyada Rəşidin fasiləsiz konsertləri gedirdi. Gənclər, xüsusən
də, qızlar onun konsertləri üçün dəli-divanəydilər. Mənim bir katibəm vardı,
qara çörəyə sarımsaq sürtüb yeyir, maaşını isə Rəşidin konsertlərinə biletpulu
yığırdı. Konsertdən sonra cavanlar saatlarla küçədə dayanıb, Rəşid Behbudovu
gözləyirdilər. İndi həmin əlçatmaz Rəşid kabinetdə gözümün qabağında var-gəl
edir, nəsə fikirləşirdi. Birdən tam ciddiyyətlə məndən soruşdu: - Bura
bax, konsertlərimə niyə gəlmirsən? Heç gözümə dəymirsən. "Pulum
yoxdur" deyə bilmədim, utandım, ailə saxlayırdım axı. Söz tapmadım deyəm. O
mehriban, zərif insan, deyəsən, nəsə duydu, gülümsəyib, dedi: - Neynək,
deyirlər "Dağ peyğəmbərin yanına gəlməsə, peyğəmbər özü dağa sarı gedər". İndi
əvəzini çıxarıq. Sənə burda konsert verərik. Və
kabinetin ortasında əllərini yana açıb bir az əvvəl adını çəkdiyim "Halvaçı"
mahnısını oxumağa başladı. Bircə bənd oxuyub dayandı: - Bəsindi, yoxsa... -
dedi və əlilə məni salamlayıb kabineti tərk etdi. Deyəsən, o gecə Allahın mənə
rəhmi gəldi; heç bir çağırış-filan olmadı, sevdiyim romanı da oxuya bilmədən
süst halda səhərəcən o cazibədar, sevimli səsin sehrində qaldım. İkinci
görüşümüz çox sonra baş verdi. Mən artıq Pedaqoji İnstitutda kafedra müdiri
işləyirdim. O zamankı evim lap instituta yaxındı. Plaş-paltomu çiynimə salıb
ev geyimində institutun binasına yollandım. Heç 20 metr evdən aralanmamış yay
kinoteatrının binası yanında Rəşid qarşıma çıxdı. Salamlaşdıq. Həmişəki
səliqəli, gözəl geyimindəydi. Məni diqqətlə başdan-ayağa süzüb dedi: - Bu nə
görkəmdir? - İş
yerim evə yaxın... - sözümü bitirməyə imkan vermədi, ərklə: - Qadın da belə
küçəyə çıxar? - Vaxt...
- kəkələdim. - Yox, nə
olur-olsun, qadın vaxt tapıb özünə qulluq eləməlidi. Qadının saçının tağı,
corablarının arxa cizgisi düm-düz olmalıdı. Qadın hər səhər yuxudan duran kimi
özünə əl gəzdirməlidi. Və heç vaxt necə gəldi küçəyə çıxmamalıdı. "Dərsimi"
aldım. Ömrüm uzunu bər-bəzəyə fikir verməsəm də, Rəşidin sözləri həmişə
qulağımda sırğa olub. Rəşidlə unudulmaz görüşlərdən biri onun özünün iştirakı
olmadan Afrikada, Qananın paytaxtı Akkra şəhərində baş verdi. Orada SSRİ-nin
ticarət müvəkkili, Poqosov familiyalı bir erməni vardı. Həyat yoldaşım Qana
prezidenti Kvame Nkrumanın şəxsi pilotu olduğundan Poqosov tez-tez bizə gəlir,
qulluğunu təklif edirdi. Orasını da deyim ki, olduğum xarici ölkələrin
hamısında ticarət müvəkkilləri ermənilər idi. Bir dəfə həmin müvəkkil bizdə
olanda söz Rəşid Behbudovdan düşdü və o, belə bir hadisə danışdı: - Mən
Hindistanda da ticarət mərkəzində işləmişəm. Orada Rəşid Behbudovu çox
sevirlər. Hindistan prezidenti cənab Cəvahirləl Nehru, Rəşidi "Azərbaycanın
mavi bülbülü" adlandırırdı. Çünki mavi rəng Hindistanda ən sevilən rəngdir.
Bir dəfə onu yenidən Hindistana dəvət etməyi bizimkilərə tapşıranda öz
qulağımla eşitdim ki, C.Nehru dedi: "O, təkcə Azərbaycanın deyil, sovetlərin
deyil, Hindistanın da mavi bülbülüdür". Qürbətdəydim, millətimin bu böyük
istedad sahibi olan oğluyla, cənab Nehru demişkən, "mavi bülbülümüzlə" qiyabi
görüşdüm. Təkcə iştirak etdiyi filmləri deyil, bütün dillərdə oxuduğu
nəğmələrini mən də bütün millətim kimi, ürəkdən sevir, əzbər bilirdim. Səsim
olmasa da, indi ara-sıra o "mavi bülbül" ürəyimin içində oxuyur. «Bizim
Əsr» qazeti