Əvvəlki səhifəyə qayıtmaq üçün        

                              

 

Əzizə CƏFƏRZADƏ:

                                         Mən ədalət tələb edirəm 

Heç vaxt ana adına ləkə gətirən əxlaqsızlığı müdafiə eləməmişəm, eləmərəm və bu günahı heç kəsə də bağışlamaram. Amma mən eyni zamanda ədalət tələb edirəm. Bilməkistəyirəm,qadın bu günahı kiminlə - daş-divarla, ağacla işlədib? Onun tərəf-müqabili olan kişi niyə cəza çəkməməlidir və əsulliyət daşımamalıdır? Axı onun da ailəsi, uşaqları var, o da cəmiyyətdə məsuliyyət daşıyır. Ticarət həmişə al-ver olub. Axı kişi - yəni alıcı olmasa, nə satılar? Mən bununla demək istəyirəm ki, təkcə Azərbaycanda deyil, dünya miqyasında qadın, canlı qul, insan alveri ilə məşğul olan kişi adlı məxluqlar, mafiyalar, sindiqatlar, milyonlar, milyardlar qazananlar var. Məgər onlar məsuliyyət daşımamalıdır? İradəsi, ağlı, əxlaqı zəif qadını bu yola sövq eləyən kişi var. Pulla zövqü satın alan, canlı qul alveri eləyən kişilər nəinki öz ailələrini, eyni zamanda cəmiyyətin insanlıq qanunlarını tapdalayırlar. Bilmək istəyirəm, qadın hüqüqlarını müdafiə eləyən cəmiyyətlər nədən müdafiə edirlər qadın hüququnu? Adətən belədir, bəzi qadınlar qeyri-qanuni doğulmuş körpələrini saxlaya bilməyəcəkləri təqdirdə uşağı atırlar. Əlbəttə, mən analıq hissinə zidd olan bu hərəkəti, bu cinayəti qadına bağışlamıram. Amma o körpənin yaradıcısı və bu cinayətin iştirakçısı olan kişi - o uşağın atası var. Bəs, o nə üçün məsuliyyət daşımamalıdır? Nə üçün biz həmişə əxlaqi məsələlərdə yalnız qadını günahkar saydığımız, zindanlara, məhbəslərə atdığımız halda, kişi kənarda qalır, hökümlər verir, məhkəmələr qurur? Mən bu cinayət törədən pullulara qarşı ədalət tələb edirəm. Çünki onlar tələb eləməsə, təklif eləməsə, bu əxlaq bazarına heç nə çıxarılmaz. Onlar öz vicdanları qarşısında daha çox məsuliyyət daşıyırlar. Bu ədalət bütün dünya miqyasında bərqərar edilməli, bütün ölkələrə şamil olunmalıdır. Məgər o biri ölkələrdə əxlaqsızlar yoxdur? Qadınlar kişilərin bir anlıq zövqünün qurbanları olurlar. Bunun müqabilində onların kənarda qalması dözülməz haldır. Bax, bu ədalətsizlik qarşısında mən ədalət tələb edirəm. Hər iki cinayətkar tərəflər məsuliyyət daşımalı, gərəksə hər ikisi cəzalandırılmalıdır. Həmişə bu barədə danışanda, qədim peşə, köhnə peşə deyirlər. Bilmək istəyirəm, qadın bu peşəni haradan, kimdən öyrənib, nə üçün eləyib? Kiminsə anası, arvadı, qızı, bacısı olan o qadın dünyaya bu peşə ilə birlikdəmi gəlib? Bu köhnə peşə o qadınla birlikdəmi doğulub? Pulla zövqü satın alanlar cəzalanmalıdır. Əlbəttə, qadınla birlikdə. Qadın təqib olunduğu, izləndiyi, əxlaqsızlığa görə tutulduğu kimi, pulla qadına təqib eləyən, dilə tutub müəyyət yerlərə çəkən kişilər də təqib olunmalı, tutulmalı, cəzalanmalıdır. Canını və pulunu meydana qoyanlar hər ikisi, düz yoldan çıxan və düz yoldan çıxaran, qeyri-əxlaqi yola düşən və qeyri-əxlaqi yola düşürən eyni cinayət törədir, cəmiyyətin qanunlarına, insanlıq qanunlarına muğayir iş görür, hər ikisi cəzalanmalıdır. Eyni günah üçün eyni cəza, eyni rüsvayçılıq üçün eyni rüsvayçılıq tədbiri görülməlidir. Hər bir ölkədə bu kişilərin bir neçəsi rüsvayçılıq dirəyinə sarınsa, onların törətdikləri üzünə oxunsa, bəlkə də bunun təsiri olar.

 

   «Bizim Əsr» qazeti