Əvvəlki səhifəyə qayıtmaq üçün    

                                                              
 

Novruz Bayramı.

 
   Eramızıdan 487 il əvvəl Şərq alimləri, türklər, ərəblər, farslar, hindilər yığıblar bir yerə, fikirləşiblər ki, bir təqvim düzəldək.  Qərara alıblar ki, bu ili heç bir tarixi hadisə ilə bağlamasınlar. Bu gün bizim milli təqvimə görə heç kəsin anadan olduğu, köçdüyü gün deyil. Allahın hökmü ilə qışın getdiyi, baharın gəldiyi, gecə ilə gündüzün bərabərləşdiyi günü seçib bizim alimlərimiz. Onlar bu günü seçəndə təsadüfən düşüb çərşənbə gününə. Ona görə də çərşənbə günü də bir növ müqəddəs hesab olunur. Və fikirləşiblər ki, insan, kainat 4 ünsürdən- su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə gətiriblər ilin əvvəlinə. Çərşənbələr novruzdan, günün bərabərləşməsindən əvvəl olur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yela bağlıdır insan.
    Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar. Sizə bir söz deyim, mən özüm dünyanı gəzəndə harada bir gözəl bulaq görmüşəmsə, üzümü yumuşam ki, bir az gözəlləşim.
    İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.
    Üçüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar. İndiki kimi bazardan almırdılar ey, evdə göyərdərdilər.
    Axırıncısı yel çərşənbəsidir. Buna ilaxır çərşənbə də deyilir. Bəzi bölgələrimizdə çoz əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. «Oyanın, oyanın, bahar  gəlir,»- deyir. Biz ömrümüz uzunu İranla qonşu olmuşuq. Novruz fars dilində  «yeni gün» deməkdir. Bu çərşənbələrdən sonra gəlir Novruz bayramının axşamı. Bu axşam turşulu, acı, şor bir şey bişirməzlər. Süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olardı. İndi təzə xanımlar şorqoğalı bişirirlər.  Novruza aidiyyəti yoxdur bunların. Şirniyyatlardan şəkərbura, şəkər tıxası, paxlava, badamburma, ballıbadı, - istədiyiniz qədər saymaq olar. Gözəl əl qabiliyyəti olan müəllimə Bahar xanım mənim üçün iltəhvil xonçası düzəldib gətirib. O, keramikadan  Azərbaycan qadınının milli geyimdə simvolunu yaradıb. Bu əsərdə hətta barmağındakı üzüyünəcən Azərbaycan xanımının milli xüsusiyyətləri nümayiş etdirilib. Qarşısındakı bayaram süfrəsindəki isə iltəhvil xonçasıdır. Bu süfrədə öz doğma anamızın dilində sin hərfi ilə başlayan 7 növ ərzaq qoyulub. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə. Bunların hamısı bizim yaradılışımız, yemayimiz, cismimizlə əlaqədar şeylərdir. Birincisi, səməni novruzun yaraşığıdır. Həyatımızın yaraşığı isə sünbüldür. Siyənək balığı ilə bağlı bir maraqlı əhvalat danışmaq istəyirəm. Bir gün qapının ağzında dayanmışdım, bikef idim. Səhər də iltəhvil olacaq. Mərhum Əliağa Vahid mənə diqqətlə baxıb: «Qızı, niyə bikef durmusan?» soruşdu. Bir söz tapa bilmədim. Böyük şairimiz dedi:
 
Bu ilim təhvil olur balqabaq üstə
 Dəryada balıqlar duracaqdır ayaq üstə.
 
   Rəvayətə görə iltəhvil anında ağaclar torpağa əyilər və balıqlar bir anlığa quyruq üstə qalxırlar. Fikir verirsiniz, deməli, mütləq iltəhvil xonçasında siyənək balığı olur. Tapdığınız nemətlərdən süfrəyə düzün. İltəhvil xonçasına şəkərbura, paxlava, şam, quru meyvə də qoymaq olar. İltəhvil dediyimiz kimi məhz təbiətlə bağlıdır. Heç bir dini bayrama aid deyil. Hər  dini bayramımızın öz namazı, duası var. Novruzun yox. Təkcə analar əslini ərəblərdən aldıqları bir arzunu öz yaradanına bildirərr, ilin sayı qədər (366) bu diləyini böyük Allaha Göy tanrıya bildirərdilər :
 
 Ey qəlblərin hakimi,
 Ey gözlərin hakimi!
 Gecələrin Allahı
 Gündüzlərin Allahı,
 
 Ey hal-əhvalları
 Düzənləyən İlahi!
 Bizə də bir nəzər sal
 Ey könüllər pənahi!
 
   Evlədə süfrələr yığışmazdı. Qələmkarı süfrələri döşəyərdilər meydana. 3 gün kiçiklər gedib yaşlıları, qocaları yoxlardılar. Bayram günlərində bişən xörəklərdən kimsəsizlərə, zəif, xəstə, qoca adamlara pay aparardılar. Hətta ela xeyirxah insanlarımız var idi ki, bilirdi qonşuların vəziyyəti pisdir, bayramda xalqın uşaqları təzə paltar geyinir, amma onlar yox. Bilirdi ki, pul versə, qəbul elamaz, parça versə qəbul eləməz, ona görə də xonça düzəldərdilər. Müqəddəs olub Azərbaycanda xonça. Onu qaytarmazdılar. 3 gün ərzində əsasən də kişilər gedib böyüklərlə bayramlaşardılar. Kişilərdən sonra qadınlar gedərdilər böyük xanımların yanına, əllərindən, həyat verən sinəsindən öpərdilər. O böyük də onun alnından öpərdi. Belə bir adət var idi.
   Noxruzdan 13 gün keçmiş nənələr cavan uşaqları aparardılar çölə, açıqlığa. Məsələn, mənim anam bizi dəniz qırağına qağayıların yanına aparardı, orada təzəcə cücərən otlardan burub balaca bir kəsək və ya daş qoyardı və deyərdi: «Mənim qış sarılığım sənin, sənin bahar təzəliyin mənim». Bir növ ovsun idi. Çərşənbələrdə uşaqlar papaq atardılar, oğlan uşaqlağı yumurta döyüşdürərdilər. Qızlar fala baxardılar. O qədər müxtəlif fallar var idi ki... Onların içində bir qulaq falı var. Qıfılı bağlayırlar, açarı qoyurlar cibə, qulaqlarını tutub qaçırlar bayıra, ilk eşitdiyi söz bunu «tale» yi idi. Cavan qızdı, yəqin eşqi, məhəbbəti üçün çıxıb qulaq falına. Deyərdilər:
 
 Quzum bulağa çıxıb,
 Enib bulağa çıxıb,
 Siz Allah xoş söz deyin!
 Yarım qulağa çıxıb.
  
Mis tasa su töküb üzük falına baxardılar. Bizim üzük falı ilə bağlı olduqca çox vəsfi-hallarımız var.
 
 Ağac başında Vəli
 Altında yaşıl xəli,
 Allah muradın versin,
 Ya Məhəmməd, ya Əli!
 
  Bununla bənzər çoxlu «vəsfi-hallar» yaradıb ana-nənələr.Kimin üzüyü çıxsa bu bayatıya, görün Allah ona necə kömək olur. Bela şeylər var idi. Ənənə çox idi. Odun üzərindən atılardılar, suyun üzərindən atılardılar, amma heç vaxt «ağırlığım, uğurluğum bu oda tökülsün» deməzdilər. Od müqəddəsdir, su müqəddəsdir. Tariximizdə elə dövr olub ki, odun üzərində atlanmaqla məhkumlar xilas olublar. Demali, günahsızdır ki, od onu yandırmayıb.
 
   «Atil batil
   Oddan atıl
   Aydın olsun
   Halal, haram»  deyərdilər.
 
  Oğlanlar lopa bağlayıb əllərində fırladardılar. Düşmənlərimiz çox çalışıblar ki, bizim bu novruz bayramımızı islamiyyətlə, ya atəşpərəstliklə, ya nə bilim hansısa bir dinlə bağlasınlar. Doğru deyil heç birisi. Bu bayram Allahın yaratdığı gecə-gündüzdür. Heç kəsin uydurması deyil. Ona görə də hoqqa çıxarıb qırmızı, xoş günümüzü qaraya çevirmək lazım deyil. Bu, ildə bir dəfə olan şeydir. Millətimizin onsuz da başqa gözəl bayramları – Xızır Nəbi bayramı, Çillə bayramı, ilin ən ağır gecəsi olan Yelda gecəsi bayramı, bunlar hamısı yaddan çıxıb. Rusşar, xristianlar milli varlığımızı unutdurmaqdan ötəri çox çalışıblar. İndi də biri deyir yumurtaları qara boyayın, o biri başqa söz deyir. «Ağzından yellər aparsın» - deyərlər buna. Evlərdən uzaq olsun, cavan adam nakam öləndə belə yumurtanı qırmızı boyayıb qoyardılar onun xonçasına. Yəni o qırmızı həyatdan gedib. Ona görə də heç kəs zəhmət çəkib özündən şey uydurmasın.
   Millətimizin, xalqımızın bir il deyil, yüz il deyil, min il deyil, yarandığı gündən qəbul elədiyi adət-ənənələrin yaxşılarını saxlasınlar, göyərtsinlər. Milli adətlərimiz qorunub saxlanması üçün böyük vəzifələr sizlərin də üzərinə düşür.
   Bizim ruhanilərimiz bu il gözəl qərar çıxarıblar. Medalın iki üzü var, bu üzü də, o biri üzü də bizimdir. Ölənimizə ağlamaq, toyu olanımıza qoy götürüb oynamaq – hər ikisi bizimdir. Əvvəla, aşura günü ilə Novruz bayramı eyni günə düşmür. İkincisinə qalanda baş yarmaq, zəncir vurmaq, bədənə cismani cəza vermək islamiyyətdə qadağandır. Dinimizi gülünc günə qoymaq lazım deyil. Azərbaycanda olduqca müxtəlif təriqətlər, dinlər, millətlər, gələn-gədən qonaqlar var. Onların yanında niyə görə öz yerimizi pis edək. Quran da oxuyaq, hüzr də saxlayaq, ehsan da verək. Mən Kərbəlada 77-ci ildə olmuşam. Orada bir ərəb yazıçısını anası rəhmətə getdi. Getdim gördüm ki, ortalıqda bir böyük məcməyi, içində kofe əmbiz kimi qoyublar, yanında da qaşıqlar. Məni aparan xanım nə edirdisə, mən də onu edirdim. Ölən cavan idi. Götürdü bir çay qaşığı o kofedən tökdü dilinin üstünə. Mərsiyə dedilər, sinə döydülər, ağladılar, sonra çıxıb getdik. Nə çay verən oldu, nə xörək verən. Xanımdan soruşdum ki, «Bəs sizdə ehsan vermirlər?» dedi li, ehsanı aparıb imamzadənin həyətindəki imkanı olmayan ac adamlara veririk. Mənim çox xoşima gəldi ruhani ataların bu qanunu ki, kim qan tökmək istəmirsə, Allah yolunda gedib donorluq eləsin. Millətə də xeyir var, Allah qarşısında da ən müqəddəs bir iğdir. Öz aramızdır, axı bir bayramlarda şərab içib küçələrə düşən millət deyilik. Toy eləməyacəyik, bayram eləməyəcəyik, oynamırıq ... Uşaqlarımızın da əlindən sevinclərini almaq dogru deyil.