Əvvəlki səhifəyə qayıtmaq üçün
-
SƏBƏTƏ GİRƏN
-
- Bir arvad varmış; şah
tənbəliymiş. Qızını istəyirlər, elçi gəlir, «hə» verilir; nişan taxılır; «paltar
kəsdi», sonra «qızyığdı» - «xinəyaxdı» olur. Arvad
cehizi qurtarmayıb;
yorğan-döşək salıb sırımağı, üzləməyi sabah-sabaha salır, «çəşənbə günü elərəm,
şənbə günü elərəm» deyə oturub «mırt vurur».
- Bir gün oğlan adamı qapını
kəsdirir ki, «verin adamımızı – gəlinimizi, aparaq».
- Heç bir hazırlığı olmayan
arvad qaçıb mətbəxdə, zənbilin içində gizlənir. Gələnlər görür ki, arvad hey
deyir:
- Şəmbə dedim – otdum,
- Çərşəmbə dedim – otdum,
- Toy qapıya gələndə,
- Səbətə girdim – otdum.
- (otdum – vəzn xatirinə
qısaldılmış, adətən dildə belə deyilən «oturdum» deməkdir).
-
- Qonaq eşşəyini həyətdəki
mıxa bağlayıb harasa getməli olur; qaş qaralan zamanmış. Ev sahibinə sarı
səslənir:
- -Qardaş, ulaqdan muğayat
olun. Yoxsa Mazarat dayısı gəlib aparır.
- «Vaxt çağı»
canavarın
adını çəkməzlər. Odur ki, qonaq onu «ulağın dayısı» adlandırır.
- Bir dəfə toyda qalmaqal
düşür. Qız tərəfi uzaqdan gələn oğlan adamına deyir:
- -Palazımız hazır döyül,
kəsməmişik… Anası Ayxanım…
- -Ay balam, biz uzaqdan
sizinən sözləşəndən sonra gəlmişik…
- -Yox ki, yox. Çalğıçılar
içindəki dəfçalandan dəfi alıb «gəlinbacı Səkinə oxudu:
- Ayxanımın hisdi damı,
- Tökülsün əti, əndamı…
- Kəsin sözü, köpəyuşağı
- Verin qızı, köpəyuşağı.
- Fağır, üzüyola bir
arvadın aman-zaman, imanı-gümanı bircə oğlu varmış. Onu evləndirmək, nəvə
görmək arzusundaymış. Amma sən saydığını say, gör fələk nə sayır. Arvad oğlunu
evləndirir. Gəlin asi çıxır. Arvadın gününü göy əskiyə düyür. Amma ana öz
oğlunun səadətini qoruyub oğluna bir kəlmə də şikayət eləmir. Oğlan özü başa
düşür; arvadı boşayır. Ana bir müddət sonra yenə də oğlunu evləndirmək istəyir.
- -Ay bala, təksən - balan
olar. Mən də təkəm – gəlinim olar…
- Çox söhbətdən sonra oğlan
razılaşır. Ana onu yenidən evləndirir. Bu gəlin əvvəlkindən də bədəsil çıxır.
Arvadı uşaq işinə, it işinə buyurur. Nökər, qulluqçu əvəzinə işlədir. Bir gün
ona deyir:
- -Ay ana, ayağa durmursan,
qohum-qonşu bilmirsən, qapılar gəzmirsən. Oturmusan bir yerdə. Hər şeyi
gətirib qoyuram qabağuva: dolmadı, küftədi, tava kababıdı – ətin döyürsən,
bükəni bükürsən. Kürə qabağunda, bişirirsən. Gəlsənəm, sənin altına bir qədər
10-12 yumurta qoyum, çıxardasan.
- Arvad qorxudan razılaşır.
Gəlin gətirib yumurtaları düzür onun yumşaq, isti yerlərinə. Bir müddət sonra
yumurtalar din vurur, cücələr çıxır. Arvad onları yerindəcə yemləyir, su verir.
Cücələr ona elə öyrəşir ki, arvad bir iş üçün dursa, məsələn deyək ki, «əl
qabına», «su başına»çıxmaq istəsə, cücələr
cükküldəşə-cükküldəşə onun dalınca
qaçır. Bir dəfə oğul bunu görüb səbəbini soruşur. Ana demək istəmir. Çox
təkiddən sonra boynuna alır. Oğlan qəzəblənib arvadını evdən qovur – boşayır.
Qalırlar ana-bala tək.
- Yenə bir müddətdən sonra
ana başlayır oğluna yalvarmağa:
- -Ay oğul, gəl daşı tök
ətəyindən.
- -O iki bəla sənə bəs
eləmədi, ana?
- -Allah üçdən deyib. Hamı
bir olmaz ki… Bu dəfə inşallah uğuruna yaxşısı çıxar.
- -Təki sən deyən olsun.
- Ana üçüncü dəfə oğlunu
evləndirir. Toydan bir neçə gün sonra oğul ticarət üçün başqa məmləkətlərə
gedir. O, gedəndən sonra gəlin arvadı ağ yuyur, qara sərir. Bir gün
həyətlərinə meymunoynadanlar gəlir. Gəlin dəstənin başçısıyla sözbir eləyir:
- -Bu üzü bürüşük, arıq
arvad bir oynamaq oynayır, görsən, qəşş edərsən.
- Pul alıb, arvadı
meymunoynadan qaraçı dəstəsinə satır. Pulun qoyur cibinə.
- Oğlan ticarətə getdiyi
şəhərlərdən birində küçədə meymunoynadan qaraçı dəstəsinə rast olur. Əlbəttə
boğazına kəndir salınmış, ortada qamçı zərbəsiylə oynayan qarını görən kimi
anasını tanıyır. Qaraçı dəstəsinin başçısına bu hamının ələ salıb güldüyü qoca
bədbəxt qarının onun anası olduğunu deyir. Onu hardan tanıdığını soruşur.
Dəstə başçısı and-aman eləyir ki:
- -Vallah, mən onu
tanımamışam, oğurlamamışam. Filan şəhərdə bir gəlin satıb onu mənə – pulunan.
- Oğlan güclü pul
müqabilində anasını qaraçıdan alır. Qaraçı vermək istəmirdi ki, qazanc əlindən
çıxar. Nəysə… Oğul anasını götürüb, ticarətini də atıb vətəninə dönür.
Arvadını xub döyür. Elə əzişdirir ki, pişiyə Əbülqasim deyir. Sonra da evdən
qovur. Deyir:
- -Ana, gördün ki, mənim
baxtımda əsil adam yoxdu. Bir daş altda, bir daş üstdə. Bir də mənə «evlən»
deməyəsən ha!.. İnciyərəm səndən.
- Bir arvadın iki övladı
varmış: bir oğlan, bir qız. Əri ölür. Dul qalır. Nəysə qızı ərə verir; oğlunu
evləndirir. Gəlin gətirən kimi açar-qıfılı, od-ocağı, kəfkir-abgərdəni verir
cavan ev sahibəsi təzə gəlinin ixtiyarına. Gəlin çox məkirliymiş. Çaydan bir
yumru bülöv kimi qara qəmbər daş tapıb gətirir. Hər dəfə qonşu otaqda tək
oturan qayınanasına xörək çəkəndə həmin daşı altına qoyur; üstünə «tütələmə»
bir uşaqcan olan kimi xörək tökür. Hər dəfə də xörəyi arvadçın özü aparır.
Arvad dolu evində, qazanclı oğul yanında yarıac, yarıtox dolanır. Bir gün
fikirləşir ki, gedim qızımgilə. Heç olmasa, bir dəfə qarın dolusu xörək-çörək
yeyərəm. Gəlir qızgilə. Xeyli oturur. Qız ona heç nə təklif eləmir. Ev, uşaq,
baş qarışıq; fikirləşir ki, anam dövlətli, dolu evdən gəlib. Yəqin ac olmaz.
Arvadın acından bağırsaqları qırılır. Çarəsiz durub çarşabını örtür. Öz
evlərinə tərəf yol alır. Elə hey deyir:
- -Altı daş, üstü aş. Genə
oğlumun evi… Altı daş, üstü aş. Genə oğlumun evi.
- Sən demə işdən qayıdan
oğul anasıyla dabanbasma gəlirmiş. Arvadın da «zümzüməsini» eşidirmiş.Onlar
evə gəlir. Gəlin aş bişiribmiş. Qayınana daşı ocağın böyründə, qazanın yanında,
əlinin altındaymış.
- -Sakit oturun, bala, qoy
əvvəl nənənin xörəyini çəkib aparım. Sonra gəlib sizə xörək verim. Axı nənə
qocadı. Yol gəlib, yorulub.
- Bu sözlərlə də göz-göz
edir, daşı nimçəyə qoyub bir kəfkir düyünü tütələtmə səpir üstünə. Qarasını da
qoyur. Danqa sümük… Elə qalxıb getmək istəyəndə əri boşqabı onun əlindən alır:
- -Ver anama mən aparım,
sən uşaqların payını çək.
- Gəlin narazılıqla deyinir:
- -Acından ölməzlər. Qoy
məməyə özüm qulluq eləyim.
- Oğlan:
- -Sən çox qulluq eləmisən.
Bu gün nobat mənimdi.
- Boşqabı alıb anasının
otağına keçir. Xörəyi qadının qarşısına qoyur. Özü də yanında oturur.
- -Hə, ana, ye… baxım…
- Arvad qısılır:
- -Sən get, iş yorğunusan,
sən ye… Mən qoca arvadam, yavaş yeyəcəyəm.
- Oğul təkid edir:
- -Yox, ana! Mənim gözümün
qabağında ye, baxım…
- Arvad əlacsız qaşığı
boşqaba bir vurur. İki vuranda daşa dəyir.
- Oğul üçün hər şey aydın
olur. Öz otağına keçir. Arvadını saçlayır:
- -Qurban olasan uşaqlara.
Səni öldürmürəm. Qovmuram. Bu gündən sonra sən mənim istəkli arvadım deyilsən.
Uşaqlarımın qulluqçususan. Anama qalanda, bundan sonra onun payını özüm çəkib,
özüm aparacam. Lap o avam keçmişlərdə bir qız varmış. Bir gün hava soyuq
olanda evin içində büzüşüb gəzirmiş. Atası Hacı soruşur:
- -Nə var, aaaz, nə
büzüşmüsən?
- Qız cavab verir:
- -Soyuqdu, ata!
- Kişi gülə-gülə zarafatla
qızına deyir:
- -Aaaz, a bala, sən yaşda
adamın qoltuğu altında balıq bişər. Nə soyuqdu-soyuqdu salmısan?
- Bir qədər sonra ata görür
ki, qız bir qolunu tərpətmədən gəzir. Hər işi o biri əlilə görür. Soruşur:
- -Qızım, qoluna nə olub?
- -Bir parça ənzəli balığı
qoymuşam bişə, ata!
- Kişi və evdəkilər
bir-birinə qoşulub qəh-qəh çəkir. Sən demə ömründə atasından yalan eşitməyən
qız onun zarafatını doğru qəbul edib. Gedib bir parça quru balıq kəsib əskiyə
büküb, qoltuğu altına qoyub. Təndirdə bişən kimi, balığın bişməyini gözləyir.
- Bir arvad varmış. Ərinin
hər sözünü Allah hökmü kimi qəbul edən xam, sadəlövh arvadmış. Bir gün əri evə
bir kisə düyü gətirir. Hambal kisəni qoyub gedəndən sonra arvadına deyir:
- -Əməlli arıt, çox yaxşı
düyüdü, - barmağının bir buğumunu göstərib əlavə edir, - bişəndə baaax bu
boyda uzanır.
- Arvad düyünü sılıfdan,
çəltikdən və başqa daş-torpaqdan təmizləyir.
- Bir gün evə qonaq gəlir.
Arvad dinabı qaynadıb düyünü qazana tökür. Yanında oturub gözləyir. Arabir
kəfkirlə bir-ikisini götürüb baxır. Ərinin göstərdiyi qədər uzanmadığını görüb
yenə qaynadır. Bir vaxt onda xəbər tutur ki, düyü hamısı həlimə çevrilib.
- Mənim toyuğum ağ idi,
- Dərisi dolu yağ idi
- Dünən bu vaxt sağ idi.
- Nəqərat:
- Səni yanasan, toyuq
aparan
- Odlanasan, toyuq aparan.
- Necə ki, mən yanıram /2
- Elə yanasan, toyuq aparan.
- Belə yanasan, toyuq
aparan.
- ***
- Mənim toyuğum çil-çil idi
- Qanadları dil-dil idi,
- Toyuq deyildi, bülbül idi.
- Nəqərat:
- ***
- Mənim toyuğum banlar idi,
- Gəlib-gedəni yanlar idi
- İnsan kimi dil anlar idi.
- Nəqərat:
- ***
- Mənim toyuğum havada,
- İndi qızarır tavada.
- Nəqərat:
- Bu oxunan gecə Abdullanın
toyunda Əminə xalanın toyuqlarını oğurladılar
-