Əvvəlki səhifəyə qayıtmaq üçün                              

                                                                 

 

MÜDRİK QAYINANA 

 

 Deyirlər bir dünyagörmüş arvadın üç oğlu varmış. Əri vəfat edibmiş. Vaxt gəlir, arvad bu oğlanların üçünü də ev eləyir – evləndirir. Üstündən bir ay keçmiş deyir:

-Gedim bir yoxlayım, görüm oğlanlarımın günü necə keçir?

Gəlir əvvəlcə böyük oğlunun yanına. Təklənib soruşur:

-Oğul, gəlinim necədi?

-Lap yaxşıdı, ana! Mehriban, işli-güclü; amma, ana, xörəyimiz, nə istəsəm, bişirir – hayıf ki, dadı olmur.

 - Arvad deyir:

-Fikir eləmə, oğul, düzələn işdi.

Oğul işə gedir. Gəlin qayınanasının ilk dəfə onlara gəlməsi münasibətilə plov hazırlığı görürü. Qayınanasının yanında oturub kişmiş arıtdamağa başlayır. Arıtdıqcan əlini ağzına aparır. Qayınana onun dirsəyinə toxunub qoymur. İş qurtaranda gəlin sevincək deyir:

-Ay ana, nə çox qaldı. Mən həmişə bir sini götürürəm, bişənəcən bir ovuc qalır.

-Qızım, bax belə. Bəzi arvadlar xörəyi bişirdikcə tamına baxır… Hər dəfə qaşığa xörəyin yağı gedir; ya da indi sənin kimi…

Bir neçə gündən sonra oğlunu dükanında görüb soruşur:

-Nə təhərsiz, bala?

-Lap yaxşı, ana, imanın kamil olsun. Sən gəlib-gedəndən sonra xörəklərimiz dada gəlib. Əladı.

Ana burdan arxayın olub ortancıl oğlunun yanına gedir, soruşur:

-Günün necədi, gəlinnən?

-Yaxşıdı, ana! İşdi-gücdü; yar-yaraşıqlı, təmizkar, mehriban. Amma bir ayıbı var: belə yel buraxır çox… pis…

-Düzələr, oğul, fikir eləmə.

Ana evə gəlir. Gəlini yanlayıb, sirr kimi, məhrəmanə pıçıldayır:

-Gəlin, qızım, şahdan əmr çıxıb; kim bir gündə bir torba «pısıltı» gətirsə, ona hədiyyə pul veriləcək. Hayıf ki, məndə belə hal yoxdur.

Gəlin utana-utana deyir:

-Ana, məndə var.

Arvad sevincək:

-Lap yaxşı. Böyük torba, lap yaxşısı çuval hazırla. Axşamacan özüvü qıs, yığ. Axşam hamısını birdən aparıb verək. Pulu alaq.

Gəlin bütün günü özünü toplayır, qısır. Axşam ha çalışırsa, bir şey çıxmır. Adətini tərk edir. Gəlib qayınanasına halını deyəndə arvad deyir:

-Çox yaxşı, elə mənim də istədiyim buydu.

Bir neçə gün sonra oğlu ilə görüşür:

-Bala, necəsiz?

-Çox sağ ol, ana! Hər şey yaxşıdı. Gül kimi dolanırıq.

-Lap yaxşı, xoşbəxt olun, bala!

Ana oradan üçüncü oğlunun yanına gedir.

-Bala, günün gəlinnən necə keçir?

Oğlu deyir:

-Ana, hər şey yaxşıdı. Gözəl, evdardı; biş-düşü, yır-yığışı, təmizkarlığı, mehribanlığı… Amma bir iş var: gəzəyəndi, bayırda bir səs eşitsə, qaçacaq – görüm nə oldu? Hər şeyə yetik olmaq istəyir.

Arvad fikrə gedir:

 -Bu bir az çətin məsələdi… Amma görüm bəlkə bir şey eləyə bildim.

Ana oğlunun evinə qonaq gəlir. Gəlin xörək hazırlayır. Sacı ocağa çevirib yuxa bişirməyə hazırlaşır. Bu zaman ana deyir:

-Gəlin, bir əhdim var, gərək əməl eləyəsən.

-Baş üstə, ana! Buyur.

-Əhd eləmişəm ki, oğlumu evləndirəndən sonra evinə birinci dəfə gələndə gəlin lut soyunub mənə sac əppəyi (yuxa) bişirsin.

Gəlin çox utanır. Xeyli xahiş-minnətdən sonra əlacı kəsilir. Soyunur; ocağın qırağında, dördayağın üstündə yuxaları yaymağa başlayır. Qayınana da qənşərində oturub o biri oxlovla gəlinin nazik yayıb sac üstünə saldığı yuxaları çevirməyə başlayır. Bir xeyli bişirirlər. Elə bu zaman küçədə hay-küy, hay-həşir səsi ucalır. Gəlin dik ayağa qalxır. Geyinməyə macal tapmır; cəld iki yuxa götürüb birini daldan, birini qabaqdan ayıb yerinə tutur, deyir:

-Ənsəm lavaş, önüm lavaş, mənsiz olmasın savaş.

Cəld özünü hay-küy yerinə atır. Qayınana oxlov əlində mat qalır. Sonra oğlu ilə göruşub deyir:

-Oğul, bacara bilmədim. Bağışla. Bu sənin talahındı.